Ağstafanın icra başçısı Nizaməddin Quliyev həbs olundu

19 Dekabr 2019 - 13:05

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.

“Report”un əldə etdiyi məlumata görə, hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Azpost.info-nun Ağstafadakı mənbələrdən əldə etdiyi məlumata görə, həbsin səbəbi korrupsiyadır.

Nizaməddin Quliyev 8 ay əvvəl Ağstafaya icra başçısı təyin olunmuşdu. Bundan əvvəl Goranboy icra hakimiyyətinin başçısı postunu tutub.

İcra hakimiyyətinin birinci müavini Ramiz Tatarov isə YAP Ağstafa rayon təşkilatının sədridir. 1998-ci ildən icra başçısının birinci müavini işləyir. “Tərəqqi” medalı almış R. Tatarovun sabah 62 yaşı tamam olur.

Virtualaz.org bildirir ki, N.Quliyev dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir. Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.

APA Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Ağstafa RİH başçısı Nizaməddin Quliyevin və müavini Ramiz Tatarovun Bakıya gətirildiyi, evlərində axtarış aparıldığı bildirilir.

RİH-nin digər işçilərinin ifadələrinin alındığı barədə də məlumatlar var.

N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.