Allahşükür Paşazadənin SSRİ-də çəkilmiş nadir FOTOLARI –Ateist ölkənin gənc Şeyxülislamı (FOTOXRONİKA)

SSRİ dövründə din xadimlərini çox az hallarda TV efirlərində görmək olardı. Bu baxımdan Qafqaz müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəni və idarənin digər əməkdaşlarını televiziyada göstərmirdilər, onların fotoları çox məhdud dairədə nümayiş olunurdu. 

Azpost.info bildirir ki, SSRİ-nin rəsmi informasiya agentliklərinin arxivlərində belə fotolara rast gəlmək olur. SSRİ-nin əsas informasiya ruporları olan TASS (Sovet İttifaqı Teleqraf Agentliyi) və Xəbərlər Məlumat Agentliyinin foto bazasının internetdəki açıq mənbələrində maraqlı şəkillər var.

QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadənin sovet dövründəki fəaliyyəti əks olunan bəzi fotoları oxuculara təqdim edirik.

 

FOTO: Azərbaycan SSR. Bakı. 1986-cı il. Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan Demokratik Respublikasının nümayəndə heyətini qarşılayır. Şəkil Təzəpir məscidində çəkilib. 

FOTO: Azərbaycan SSR. 1 iyun 1983-cü il. Əfqanıstan Demokratik Respublikasının Ali Üləmalar Şurasının sədri Məhəmməd Səid Əfqani QMİ sədri Allahşükür Paşazadə ilə. “Təzəpir” məscidində çəkilən bu fotoda Şeyxin yanında hazırda QMİ-nin Qazilər Şurasının üzvü olan hacı Sabir Həsənlidir.

FOTO: SSRİ. Moskva. 20 noyabr 1986-cı il. SSRİ Xarici İşlər Nazirliyində Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür  Paşazadənin sovet və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransı.

Mətbuat konfransı SSRİ-nin dini birliklər və kilsə rəhbərlərinin noyabrda keçirilən ənənvi görüşündən sonra təşkil olunub.

FOTO: QMİ sədri Allahşükür Paşazadə. 1 oktyabr 1985-ci il.

FOTO: Moskva. 1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclas zalı. SSRİ xalq deputatı Şeyxülislam Allahşükür Paşazadə din xadimi olan digər deputat həmkarları ilə.

FOTO: SSRİ. Moskva.1989-cu il. SSRİ Xalq Deputatları Qurultayının iclası. Azərbaycandan olan deputatlar: QMİ sədri Allahşükür Paşazadə, xalq artisti Həsən Turabov.

Azərbaycan SSR. Aprel.1986-cı il. Bakıda İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans. Şeyxülislam nümayəndə heyəti ilə görüşür.

FOTO: Azərbaycan SSR. 1986-cı il. Bakıda İslam Konfransı Təşkilatının himayəsi altında “Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfransın Rəyasət Heyəti. Azərbaycan SSR Ali Sovetinin sədri Qurban Xəlilov və Şeyxulislam Allahşükür Paşazadə.

Qeyd edək ki, 1986-cı ilin oktyabrın 1-3-tarixlərində baş tutmuş bu beynəlxalq konfransda iştirak etmək üçün Bakıya 60 müsəlman ölkəsindən 600 nümayəndə gəlib. 3 gün ərzində davam edən bu konfrans SSRİ-nin ictimai həyatında mühüm hadisəyə çevrilib. Bu tədbir gənc şeyxülislam Allahşükür Paşazadənin özünün SSRİ-də yeni dini lider kimi təsdiqində də mühüm rol oynadı.

Müsəlman dünyasında böyük rezonansa səbəb olan bu konfrans özünün siyasi mesajları və bəyanatları ilə sovet müsəlmanlarının dünyadakı din qardaşları ilə həmrəyliyinin nümayişinə çevrilir.

Bakı konfransının iştirakçıları dünya müsəlmanlarına müraciət edərək birgə yaşayışı, sülhü dəstəkləyib, Əfqanıstan probleminin həlli yollarını açıq və gərgin diskussiya şəraitində müzakirə edib, Fələstin xalqına dəstəklərini bəyan edib.

Bakı konfransı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin xüsusi hesabatının hazırlamasına səbəb olub. ABŞ Dövlət Departamentinin 1987-ci ildə hazırladığı sənəddə təəssüflə qeyd olunurdu ki, Bakıda Əfqanıstanla bağlı müsəlman ölkələrinin parçalanmış mövqeyinə nail ola bilmədilər.

Azpost.info

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlamentdə “Media haqqında” qanun layihəsi jurnalistlərin iştirakı ilə müzakirə olunacaq

Sonrakı məqalə

Son sutkada 922 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib