Almaniya, Fransa və Polşa liderləri Kremlə xəbərdarlıq etdilər –BƏYANAT

Almaniya, Fransa və Polşa liderləri Olaf Şolz, Emmanuel Makron və Anjey Duda Rusiyanı Avropada təhlükəsizlik məsələləri üzrə substantiv dialoqa başlamağa və Ukrayna ətrafında vəziyyətin yumşaldılmasına töhfə verməyə çağırıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu çağırış onların birgə bəyanatında yer alıb.

Bəyanat Berlində üç ölkə lideri arasında “Veymar üçbucağı” formatında aparılan danışıqların yekunlarına əsasən qəbul edilib. “Veymar üçbucağı”nın (Almaniya, Fransa və Polşa) dövlət və hökumət başçıları Avropada təhlükəsizliyin gücləndirilməsi üçün birgə səylərə sadiq olduqlarını vurğulayıblar. Sənəddə qeyd edilir ki, Berlin, Paris və Varşava ATƏT-in müxtəlif sənədlərində təsbit olunmuş prinsiplərə əməl edirlər: “Bu üç ölkə Avro-Atlantik məkanda sülh və sabitliyi təmin etmək üçün Avropa İttifaqındakı tərəfdaşları və NATO-dakı müttəfiqləri ilə öz fəaliyyətlərini yaxından əlaqələndirməyə davam edəcək”.

Hər üç lider Rusiyanı Ukrayna sərhədindəki vəziyyəti yumşaltmağa və Avropa qitəsində təhlükəsizlik məsələləri üzrə substantiv dialoqa başlamağa kömək etməyə çağırıb. Eyni zamanda, Şolz, Makron və Duda qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri üzrə substantiv və nəticəyönümlü danışıqlarda konstruktiv iştiraka hazır olduqlarını bəyan
ediblər.
Liderlər xəbərdarlıq ediblər ki, Rusiyanın Ukraynaya qarşı hər hansı yeni hərbi təcavüzü ciddi nəticələrə və cavaba səbəb olacaq.

Şolz, Macron və Duda rus qoşunlarının Ukrayna daxilində və xaricində yığılmasından narahat olduqlarını bildiriblər, və Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bəyan ediblər: “Minsk razılaşmalarının həyata keçirilməsində diplomatik səylər göstərməyə çağırır və Normandiya formatını dəstəkləyirik. “Veymar üçbucağı”nın üzvləri regionda təhlükəsizlik və sabitliyin, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətin müdafiəsini davam etdirəcək”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Humanite”də Qarabağ davasını salan bədnam yazı  –

Sonrakı məqalə

Baş Prokurorluq Tərtər hadisələri barədə məlumat yaydı