AMEA-nın prezidenti Akif Əlizadə təsdiq etdi –

"İstefa verməyimlə bağlı xəbər doğrudur"
23 Oktyabr 2019 - 09:40

“İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur”. 

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: “Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”. 

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti-akademik Akif Əlizadə istefa verib.

Azpost.info bildirir ki, bu barədə etibarlı mənbə Etikxeber.az-a bildirib.  Məlumatlı mənbənin sözlərinə görə, A. Əlizadə bu gün  günorta saatlarında istefa ərizəsi yazıb.

Mənbənin sözlərinə görə, hələ bir müddət öncə A. Əlizadənin AMEA prezidentliyindən getməsi gözlənilsə də, son anda məsələ hansısa səbəbdən təxirə salınıb.

“Ancaq bu gün onun istefa verməsi xəbərini aldıq. Sabah 16:00-da isə AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və orada yeni prezident seçiləcək. Səsvermədə də yalnız AMEA-nın həqiqi üzvləri-akademiklər iştirak edəcək, çünki prosedur belədir”-deyə, mənbə bildirib.

AMEA-nın yeni prezidenti vəzifəsinə namizədlərə gəlincə, hələlik dəqiq namizədlər məlum olmasa da, akademiklər Nərgiz Paşayeva ilə Rasim Əliquliyevin adları hallanır.

AMEA prezidentinin seçkilərində Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev və PA-nın Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın da iştirakı gözlənilir.

 Qeyd edək ki, A. Əlizadənin 85 yaşı var.

Həmçinin, qeyd edək ki, A. Əlizadə 2013-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və İdarə Heyətinin üzvü seçilib.