Məşhur İsrail diplomatı, politoloq və “Nativ” xidmətinin keçmiş rəhbəri Yakob Kedmi ABŞ-ı tarixi dərsləri anlamamaqda günahlandırıb.
APA Rusiyanın “tsargrad.tv” saytına istinadən xəbər verir ki, israilli diplomat açıqlamasında ABŞ-ın hazırda Çinin imkanlarını nəzərə almadan ona qarşı iqtisadi və siyasi təzyiq göstərməyə çalışdığına diqqət çəkib.
Onun sözlərinə görə, Çin nəinki dünyanın ən böyük iqtisadiyyatına, eyni zamanda nadir elementlərin ən böyük ehtiyatlarına sahibdir: “Çin olmadan dünyada heç bir elektron sənayesi işləyə bilməz. Elektron vasitələr çoxdan dünyanın bütün ölkələrinin silahlı qüvvələrinin ayrılmaz hissəsinə çevrilib”.
O, hazırki durumu bənzər bir tarixi hadisə ilə müqayisə edib: “ABŞ-ın hərbi lideri Duqlas MacArthurun Çindən reaksiya gözləməyərək Koreyaya “axmaq və əsassız təzyiq” etdi. Nəticədə Çin ordusu Şimali Koreyaya daxil oldu, ABŞ isə yenidən Seula döndü”.
Kedmi amerikalıların tarix dərslərini heç vaxt başa düşmədiklərini dilə gətirib: “Bu gün Çinin ABŞ-ın hücumuna qarşı cavab tədbiri əvvəlki vəziyyətdədir”.
O, Pekinin iqtisadi və hərbi gücünü nəzərə alaraq, Çinin bu dəfə zərbəsinin Koreya müharibəsi illərindən daha təsirli və dağıdıcı ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Çini qlobal koronavirus pandemiyasına görə məsuliyyət daşıdığını demişdi. Hətta Tramp rəsmi Pekini pandemiya səbəbindən dünya ölkələrinin çəkdiyi xərcləri kompensasiya etməsə, sanksiyalar və münasibətlərin kəsilməsi ilə hədələmişdi.
ABŞ-ın sentyabrda keçiriləcək G7 sammiti zamanı Çinin məsuliyyətə cəlb edilməsi məsələsini qaldıracağı gözlənilir.