Aqrar və eko-turizmlə bağlı sahibkarlar Türkiyə təcrübəsini öyrəniblər –

FOTO
27 İyul 2021 - 13:47

Avropa İttifaqnın maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində Lənkəran iqtisadi bölgəsindən seçilmiş aqrar, eko-turizm məntəqələrinin sahibləri (və ya nümayəndələri) 05-10 iyul tarixlərində Türkiyənin İzmir bölgəsində təhsil turunda iştirak ediblər.

Turun əsas məqsədi azərbaycanlı iştirakçıları öz turizm məntəqələrini inkişaf etdirmək üçün fikir və sınaqdan keçmiş yanaşmalarla təchiz etmək idi. Təhsil turu üçün Azərbaycanda seçilmiş turizm məntəqələrinin şəraitləri və imkanları ilə mümkün qədər uyğun olan, lakin daha yüksək inkişaf səviyyəsinə çatan aqrar, eko-turizm təsərrüfatları müəyyənləşdirilmişdi. Ümumi olaraq iştirakçılar aqrar, eko-turizm təsərrüfatlarıbın inkişaf strategiyaları haqqında məlumat əldə ediblər, struktur və turizm xidmətlərinin göstərilməsini yerində müşahidə edərək birbaşa həmkarlarından öyrəniblər.
Təhsil turunun ilk günündə iştirakçılar əsas fəaliyyəti şərabçılıq və bağçılıq olan “Urla Şərabçılıq” aqrar turizm məntəqəsinə səfər ediblər. Səfər zamanı onlar müəssisənin tarixi və fəaliyyəti haqqında məsul şəxslərdən məlumat alıblar və öz suallarını verbilər. Proqramın növbəti hissəsində turizm məntəqəsi tərəfindən şərab dadma xidməti təşkil olunub və iştirakçılara müxtəlif şərablar barədə qısa məlumatı özündə əks etdirən təqdimatlar edilib. Sonda turizm məntəqəsinin yaxınlığında yerləşən botanika bağına səfər təşkil olunub. Bu səfər zamanı iştirakçılar bağ və oradakı bitkilər barədə məlumatlandırılmış, onları maraqlandıra biləcək bitki növlərinin satışı təklif olunmuşdur.
Təhsil turunun ikinci günündə iştirakçıların aqrar,eko-turizm xidməti göstərən “Değirmen” Restoran və Təsərrüfat müəssisəsinə səfəri təşkil olunub. Tur proqramının ilk mərhələsində iştirakçılar təsərrüfat daxilində yerləşən zeytun yağı muzeyi  və zeytun yağı istehsalı haqqında eksponatlarla tanış olublar. Daha sonra müəssisə rəhbərinin müavini tərəfindən iştirakçılar fermer təsərrüfatı və atçılıq barədə məlumatlandırılmış, təsərrüfatda olan quşlar, heyvanlar və bitkilər onlara ferma daxili tur vasitəsilə nümayiş olunmuşdur. Sonda “Değirmen” MMC sahibi xanım Gürsel Tonbul qonaqları qəbul etmiş, çay masası arxasında fəaliyyətləri, çətinlikləri və uğur hekayəsini onlarla paylaşmış, dairəvi iqtisadiyyat-sıfır tullantı konsepti haqqında məlumat vermiş və iştirakçıların ünvanladığı sualları cavablandırmışdır.


Turun üçüncü günü “Bademler Doğal Yaşam Köyü” kooperativinə səfər baş tutmuşdur. İlk öncə iştirakçılar məsul şəxs tərəfindən müəssisənin ərazisi, təsərrüfatı və orda yerləşən emalatxana, ferma və qonaqlama evləri ilə tur vasitəsilə tanış edilmişdir. Daha sonra kooperativ rəhbərliyi iştirakçılarla görüşmüş, onlara aqrar/eko-turizm barədə, kooperativin tarixi, əhəmiyyəti və fəaliyyəti haqqında məlumat vermiş, onların suallarını cavablandırmış və azərbaycanlı sahibkarlarla gələcək müştərək iş imkanları barədə öz təklifini bildirmişdir. İştirakçılar arasından bəzi təsərrüfat sahibləri bu təklifə maraq göstərmiş və mümkün əməkdaşlıq imkanlarını nəzərdən keçirəcəklərini bildirmişlər.
Turun sonuncu günü isə “İsabey Bağ və Bağ Evleri” müəssisəsinə səfər təşkil olunmuşdur. Burda da iştirakçılar məsul şəxs tərəfindən qarşılanmış, müəssisənin fəaliyyəti, tarixi və ərazidə yerləşən xidməti məkanlarla tanış edilmişdir. Daha sonra müəssisənin istehsalı olan şərabların təqdimatı keçirilmiş və  bir neçə şərab dadlarına baxılması üçün iştirakçılara təklif olunmuşdur. Sonda iştirakçılar həmin müəssisənin restoranında nahar etmiş, orda göstərilən xidmət və təamların dadı ilə bir müştəri kimi də tanış olmuşlar.
Təhsil turlarının səmərəliliyini artırmaq və əldə olunan biliklərin yerli fermerlər ilə paylaşmaq üçün Azərbaycana qayıtdıqdan sonra, AƏF konsorsium üzvləri üçün aqrar?  eko-turizm üzrə təlimlər təşkil edəcək və təlimdə seçilmiş iştirakçılar topladıqları məlumatları bütün konsorsiumun üzvləri və digər iştirakçılar ilə dəyirmi masa müzakirəsində bölüşəcəklər.