Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadənin Azpost.info-ya müsahibə verib.
Müsahibəni oxuculara təqdim edirik:
-AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ bir il müddətinə məhdudlaşdırıldı. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırdığını bəyan etdi. Verilən qərarları necə qiymətləndirirsiniz?
-Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı üzvü olaraq, yayılan bəyanatı tam dəstəkləyirəm. Azərbaycan nümayəndə heyətinin fəaliyyəti dayandırmaqla bağlı bəyanatından əvvəl AŞPA-nın qərarına baxmaq lazımdır. AŞPA ölkəmizə qarşı haqsız, qərəzli və iftira xarakterli yanaşma sərgiləyir. Azərbaycan nümayəndə heyəti nə etməli idi? Belə qərəzli qərardan sonra nümayəndə heyətinin atdığı addım anlaşılandır və yerində verilmiş qərardır.
–AŞPA niyə indiki məqamda Azərbaycana qarşı belə qərar verdi?
-Bu qərarın verilməsində əsas səbəbkar, qərarın arxasında dayanan Fransa hökumətidir. Makron hökuməti narahatdır. Ona görə ki, Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə Makronun partiyası uduzacaq. Çünki ölkədə radikal millətçi əhval var və güman ki, müxalif olan Le Penin partiyası Avropa Parlamentinə seçkilərdə qalib gələcək. Makron da bunu bilir. Fransa Prezidenti bu gün öz partiyasına dəstəyi erməni diasporasında görür. Hesab edirəm ki, bu gün Makron hakimiyyətinin siyasəti erməni lobbisinin istəkləri ilə bağlıdır. Erməni diasporası isə Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına qarşıdır. Məlumdur ki, bu gün Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması şansı yaranıb. Lobbi isə bundan narazıdır. Erməni diasporuna nə lazımdır: faciə, qan tökülməsi, Ermənistanda yaşayan ermənilərin mənasız, axmaq ideya uğrunda ölməsi, yeni müharibə və s. Diaspor sülhə zərbə vurmaq üçün Fransadan Azərbaycana qarşı qərəzli addım atılmasını, Azərbaycanın hədəfə gətirilməsini tələb edir. Lobbinin səsindən, maliyyəsindən səmərəli istifadə etmək niyyətində olan Fransa hakimiyyəti də onların dediyinə “yox” cavabı vermir. Məsələ bu qədər sadədir.
-AŞPA-da deputatlar, yəni bu qərarın lehinə səs verənlər təkcə Fransadan deyil axı..
-Əlbəttə, Fransa təkbaşına addım ata bilməyəcəyini anlayır. Onun üçün də Fransa Avropa İttifaqının üzv ölkələrini şantaj edir. Paris öz siyasi imkanlarından istifadə edərək İttifaqda olan digər ölkələrə hədə-qorxu gəlir, onları maliyyənin kəsilməsi ilə şantaj edir. Hesab edirəm ki, AŞPA-da verilən qərar beynəlxalq qurumlar adına ləkədir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın atdığı hər bir addım beynəlxalq hüquq normaları çərçivəsində olub. 44 günlük Vətən müharibəsində Azərbaycan hətta beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədini icra etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini Azərbaycan yerinə yetirdi. Unutmasınlar ki, 30 ilə yaxın idi qətnamələrin icrası ilə bağlı heç bir addım atılmamışdı. Azərbaycanı əsassız şəkildə etnik təmizləmədə ittiham edən AŞPA 30 ildə niyə bir dəfə səsini çıxarmadı ki, Azərbaycan xalqının hüquqları tapdanıb, insan haqları Ermənistan dövlətinin işğalçılıq siyasəti ilə kobud şəkildə pozulub, milyondan çox insan etnik təmizləməyə məruz qoyulub?! Əksinə, bizə deyirdilər ki, bəlkə Ermənistana güzəşt edəsiniz, erməniləri razı salasınız. Bu idi onların mövqeyi.
-AŞPA bu haqsız qərarını insan haqlarının Azərbaycanda qorunmaması, demokratiyanın olmaması ilə pərdələməyə çalışır…
-Avropa Şurasının sözügedən qərarı sırf Azərbaycanın güclənməsinə, ərazilərini işğaldan azad etməsinə, suverenliyini bərpa etməsinə görədir. Azərbaycanın bölgədə güclənməsi və suverenliyini bərpa etməsi Fransa və onun kimi digər ölkələrin siyasətçilərində qıcıq yaradır. Erməni lobbisinin oyuncağı olan avropalı siyasətçilər elə lobbinin də istəyi ilə müstəqil, güclü Azərbaycanı görmək, həzm etmək istəmirlər. Təzyiqlərdə də əsas məqsəd Azərbaycana zərbə vurmaq, Azərbaycanı gözdən salmaq, Azərbaycanı aqressiv dövlət kimi qələmə verməkdir. İnsan haqları, demokratiya sadəcə bəhanədir. Bəli, ola bilər ki, insan haqları ilə bağlı da, demokratiya ilə bağlı da müəyyən problemlər var. Amma bu problemlərə görə belə qərəzli yanaşma, belə kəskin qərar görünməmiş haldır və presedent yoxdur. Demək ki, açıq-aşkar qərəz ortadadır, səbəb də Azərbaycanın işğala son qoyması, ərazi bütövlüyünü bərpa etməsidir.
– Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinə etiraz edən və nəticədə deputatlarımızın səsverməsinin məhdudlaşdırılmasına nail olmağı bacaran Almaniyadan olan deputat Frank Şvabedir. Almaniyalı siyasətçinin ölkəmizə qarşı radikal mövqeyinin səbəbi nədir?
-Avropada olan solçu partiyaların üzvlərinin Azərbaycana qarşı olmaq üçün sponsorları var. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu rolu vaxtilə həyata keçirən, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə rolunu itirən şirkətlər Avropadakı bir sıra siyasi partiyanın sponsorudur. Avropa Şurasında Sosialist Partiyasının rəhbəri Frank Şvabedir. Bu siyasətçi Azərbaycana qarşı ən radikal, ən fəal siyasətçilərdən biridir. Almaniyanın “Şalke” futbol klubu onundur. Maraqlı məqam odur ki, “Şalke”nin əsas sponsoru, klubu ayaqda saxlayan Rusiyanın “Qazprom” şirkətidir. Hər zaman Şvabe Azərbaycana qarşı qərəzli və aqressiv olub. Çünki Azərbaycan öz enerji resursu ilə hörmət qazandı. Düzdür, Almaniyanın “Qazprom”a qarşı sanksiyaları var, Rusiyadan qaz almır, amma Bundestaqın solçu partiyadan olan üzvləri “Qazprom”dan konsultant kimi maaş alırlar. Bunlardan biri də Şvabedir. Hesab edirəm ki, almaniyalı deputatın bizə qarşı aqressiv münasibəti bu məsələlərdən qaynaqlanır.
-Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarın səsverməsində sadəcə yüzə yaxın deputat iştirak etdi, hansı ki, iştirak edənlərin 76-sı lehinə səs verdi. 200-dən çox üzvün səsvermədə iştirak etmədiyi bir iclasam görə Azərbaycan nümayəndə heyətinin fəaliyyəti dayandırmaqla bağlı əvvəlcədən bəyanat verməsi sizcə, doğru addım idimi?
-Düzdür, səsvermədə iştirak edən deputatların sayı az idi. Amma nəzərə almaq lazımdır ki, üç solçu partiya bu qərarı qəbul edib. Burada əsas məsələ sistemdədir. Çox vaxt məsələ maraqlı olmayanda deputatların əksəriyyəti iclasda iştirak etmir, səsverməyə qatılmırlar. Qərarın lehinə səs verən 76 üzv Azərbaycana qarşı qərəzli mövqedə olan siyasi partiya nümayəndələri idilər. Onlar məqsədli şəkildə iclasa qatıldılar və qərarın verilməsinə nail oldular. Demək istədiyim odur ki, üç siyasi partiya nümayəndəsinin qərarlılığı Azərbaycana qarşı sənəd qəbul edilməsinə bəs edirdi. Azərbaycan nümayəndə heyəti bunu bildi və belə bir bəyanat verdi. Yenə deyirəm, Azərbaycan bu bəyanatı verməkdə haqlıdır. Ölkəmizə qarşı qərəzə susa bilməzdik.
– Bundan sonra baş verəcəklərlə bağlı fikriniz maraqlıdır. Proseslər Azərbaycanın Avropa Şurasından tamamilə çıxması ilə nəticələnə bilərmi?
-Təbii ki, mümkündür. Azərbaycana qarşı münasibətə adekvat cavab verilməlidir və verilir. Hesab edirəm ki, Avropa Şurasının rəhbərliyi ciddi düşünməli, götür-qoy etməlidir. Qərəzli yanaşma davam edərsə, AŞPA çox ciddi zərbə alacaq, zəifləyəcək. Onsuz da Avropa Şurası nüfuzdan düşüb. Təşkilatın daha da zəifləməməsi üçün səhv yoldan dönməlidirlər. Məsələ burasındadır ki, Azərbaycana qarşı qərar qəbulolunmaz üsullarla verilib. Hətta demək olar ki, burada Avropa Şurasının bir sıra prosedurları da pozulub. Avropa Şurası rəhbərliyi qərarlarına yenidən baxmalı, səhvlərini düzəltmək üçün hərəkət etməlidirlər. Azərbaycanla müzakirələr aparmalıdırlar, hətta xahiş etməlidirlər ki, bizim nümayəndə heyəti iclaslara qayıtsın. Çünki baş verənlər, bunun nəticəsində Azərbaycanın Avropa Şurasından çıxma ehtimalını artırır. Bu isə Azərbaycana yox, daha çox Avropa Şurasına zərbədir. Yenə deyirəm, təşkilat rəhbərliyi ciddi düşünməlidir, götür qoy etməlidir. Yanlış qərarlarından nə qədər tez dönsələr, bir o qədər təşkilat üçün xeyirli olar.
Anar ABDULLA
Azpost.info