Avropa Dərman Agentliyi koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə “yaşıl işıq“ yandırdı –

FOTO
06 Yanvar 2021 - 17:20

Avropa İttifaqında koronavirusa qarşı tezliklə daha bir peyvənd maddəsinin istifadəsinə icazə verilə bilər.

Avropa Dərman Agentliyi (EMA) “Moderna“ konserninin koronav əleyhinə hazırladığı peyvəndin tətbiqi üçün “yaşıl işıq“ yandırıb. EMA-nın Human Dərman Vasitələri Komissiyası peyvənd üçün şərti icazənin verilməsini tövsiyə edib.

Peyvənd maddəsi üçün yekun icazə Avropa Komissiyası tərəfindən verilməlidir, artıq belə bir icazənin tezliklə veriləcəyi yəqindir. Bununla da “Pfizer” və “BioNTech” kompaniyalarının birgə hazırladıqları peyvənddən sonra Avropada ikinci peyvənd maddəsinin geniş tətbiqinə başlanıla bilər.

Qeyd edilməlidir ki, Milad bayramından öncə ABŞ-da “Moderna” şirkətinin peyvəndinin koronavirusa qarşı tətbiqinə icazə verilmişdi. “BioNTech“ vaksinindən fərqli olaraq “Moderna”nın təqdim etdiyi vaksinin olduqca aşağı temperaturda (-80 dərəcə) saxlanması tələb olunmur, bu da onun asanlıqla daşınması və çatdırılmasını təmin edir.