Avropa İttifaqının liderləri:

"Böyük Britaniyanı unutmayacağıq"
31 Yanvar 2020 - 12:31

Avropa İttifaqı (Aİ) Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentləri “Brexit”lə bağlı məktub yazıblar.

APA-nın xəbərinə görə, məktub Aİ Şurasının saytında dərc olunub. 

Məktubda bildirilib ki, bu gün Aİ-nin yüksək səviyyəli rəsmiləri də bir çox insan kimi qarışıq hisslər yaşayacaq.

“Fikrimiz gələcəkdən narahatlıq duyanların, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən məyus olanların və milyonlarla avropalı üçün həyatı daha yaxşı hala gətirəcək siyasətin formalaşdırılmasına kömək edən institutlarımızın britaniyalı üzvlərinin yanındadır. İttifaqın vacib bir hissəsi olan Böyük Britaniya və onun xalqını, bu ölkənin mədəniyyətini və adətlərini unutmayacağıq. Bütün bu hislər Birləşmiş Krallığa olan sevgimizi əks etdirir. Böyük Britaniyanın İttifaqdan çıxmaq qərarından təəssüflənsək də, bu qərara hər zaman hörmətlə yanaşmışıq. Əldə etdiyimiz razılaşma hər iki tərəf üçün ədalətlidir.

Eyni zamanda biz gələcəyə baxmalı və əbədi dostlar arasında yeni bir ortaqlıq qurmalıyıq. Aİ-nin üç institutu birlikdə bu ortaqlığın uğurlu olması üçün əlindən gələni edəcək. Tərəfdaşlığın nə qədər yaxın olacağı qəbul ediləcək qərarlardan asılıdır. Çünki hər seçimin bir nəticəsi var. İnsanların sərbəst hərəkəti olmadan kapital, mal və xidmətlərin sərbəst axını ola bilməz. Ətraf mühit, əmək, vergi və dövlət yardımı səviyyəsində normal və aktiv hərəkət olmasa, vahid bazara yüksək keyfiyyətli çıxış ola bilməz. Üzv olmasanız, üzvlüyün faydalarını əldə saxlaya bilməyəcək və bundan faydalana bilməyəcəksiniz. Növbəti həftələr, aylar və illər ərzində Avropa İttifaqı ilə Böyük Britaniya arasında diqqətlə yaratdığımız 50 illik bağları boşaltmalı olacağıq. Bunu etdiyimiz zaman müttəfiq, tərəfdaş və dost olaraq gələcəyə doğru yeni bir yol xəritəsi çəkmək üçün çox çalışmalıyıq.

Böyük Britaniya Aİ-yə üzv olmağı dayandırsa da, Avropanın bir hissəsi olaraq qalacaq. Ortaq coğrafiyamız, tariximiz və bir çox sahədəki əlaqələrimiz qaçılmaz olaraq bizi bir-birimizə bağlayır və bizi müttəfiq edir. Xarici işlər, təhlükəsizlik və müdafiə sahəsində ortaq bir məqsəd ətrafında və qarşılıqlı maraqlara əsaslanaraq əməkdaşlığa davam edəcəyik. Ancaq bunu fərqli yollarla edəcəyik. Böyük güclərin rəqabəti və gərgin geosiyasət dövründə ölçülər önəmlidir. Heç bir ölkə yalnız başına iqlim dəyişikliyinin öhdəsindən gələ bilməz, rəqəmsal gələcəyin həll yollarını tapa bilməz.

Ancaq bunu Avropa İttifaqı edə bilər. Çünki dünyanın ən böyük daxili bazarına və canlı demokratiyaya sahibik, 80 ölkənin ən yaxşı ticarət tərəfdaşıyıq. Avropanın maraqlarını və dəyərlərini dünya səhnəsində tanıtmaq əzmindədir. Biz Aİ-yə üzv dövlətlərin müttəfiq və tərəfdaşlarla – ABŞ, Afrika, Çin və ya Hindistanla müzakirələrdə əhəmiyyətli, kollektiv iqtisadi güclərindən istifadə edə biləcəyinə görə bunların öhdəsindən gələ bilərik. Üç qurumun prezidenti kimi biz də bu məsələlərdə öz rolumuzu oynamağa qərarlıyıq. Bu iş sabah günəş çıxan kimi davam edəcək”, – deyə məktubda qeyd olunub.

Xatırladaq ki, bu gün Böyük Britaniya Avropa İttifaqını tərk edir.