Avropa Parlamenti “Barış bulağı” ilə bağlı qətnamə qəbul edib- Türkiyə XİN sənədi qərəzli adlandırıb

Avropa Parlamenti Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış bulağı” hərəkatını pisləyən qətnamə qəbul edib.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, parlamentarilər Türkiyəyə bütün qüvvələrini Suriyadan çıxarmağa dair çağırış ediblər.

Qətnamədə bildirilib ki, Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlar beynəlxalq hüquqla ziddiyyət təşkil edir.

Suriyanın şimalında BMT-nin nəzarəti altında təhlükəsiz zonanın yaradılmasının vacibliyi vurğulanıb.

Avropalı parlamentarilər tutulan İŞİD döyüşçülərinin Suriyanın şimalındakı düşərgələrdən qaçması ilə bağlı məlumatlardan ciddi narahat olduqlarını bəyan ediblər.

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı bəyanat yayaraq bunu qınayıb.

“Terrorçuları daimi olaraq parlamentlərində qarşılayanların qəbul etdiyi bu qərar əslində təəccüblü deyil. Əvvəlcədən də qeyd olunduğu kimi, “Barış bulağı” hərəkatı beynəlxalq hüquqa əsaslanaraq terrorizmlə mübarizə çərçivəsində aparılıb. Avropa İttifaqı və NATO tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriya qanadı olan PYD/YPG-yə məxsus sığınacaqlar, hərbi texnikalar hədəf seçilib, mülki əhalinin və onlara məxsus yaşayış yerlərinin zərər görməməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Eyni zamanda, “Barış bulağı” hərəkatının legitimliyi ABŞ və Rusiya ilə əldə edilən razılaşmalarda öz təsdiqini tapıb”, – deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti bunlara baxmayaraq, Türkiyəyə qarşı həqiqətdən uzaq və qərəzli qərar qəbul edib: “Avropa Parlamenti Suriyadakı PKK/PYD/YPG və İŞİD terror təşkilatları və qanunsuz miqrasiya ilə mübarizə aparan Türkiyə ilə həmrəy olmaq əvəzinə, terror təşkilatının əsassız iddialarına etibar edib. Məlum qərar Avropa Parlamenti ilə Türkiyə arasında əməkdaşlıq mühiti yaratmaq cəhdlərinə xidmət etmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Güc tətbiq etməklə dəyişdirilmiş sərhədləri tanımırıq”

Sonrakı məqalə

Azərbaycan və İran prezidentlərinin görüşü olub