“Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in potensialı böyükdür, lakin təbii ki, siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir”.
Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli APA-nın Gürcüstan bürosunun sualını cavablandırarkən deyib.
O bildirib ki, münaqişənin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər böyük önəmə malikdir və hər şeydən öncə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.
“ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan XİN başçısı ilə hazırkı hadisələri – qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı başadüşmə olmalıdır, bu, münaqişənin sülh yolu ilə həlli üçün vasitədir. Düşünürəm ki, onillər öncə meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir. Hər şeydən öncə Cənubi Qafqaz xalqları, Azərbaycan və Ermənistanın münaqişənin həllində maraqlıdırlar. Bu görüşlərin dəyəri var və tamamilə əminəm ki, bu kontekst çox vacibdir”, – deyə ATƏT PA-nın prezidenti qeyd edib.