Avropada koronavirus qadağaları sərtləşdirilir-

Məkkədə isə Böyük Məscid açıldı
20 Oktyabr 2020 - 12:59

Avropanın bir çox ölkələri koronavirus yoluxmalarının ikinci dalğasını önləmək üçün yeni tədbirlər açıqlayıblar. Dünya Səhiyyə Təşkilatı (DST) artımı ölkələrin yoluxmuş şəxsləri effektiv şəkildə karantinə ala bilməməsi ilə izah edir.

Oktyabrın 19-da İrlandiya və Uels digər Avropa ölkələrinə qoşularaq yeni qadağaları elan ediblər. Qitədə koronavirusdan ölü sayı 250 mini keçir.

Oktyabrın 21-dən İrlandiyada sərt karantin elan olunub. Fəaliyyəti həyati əhəmiyyətli sayılmayan şirkətlər bağlanır, barların və restoranların fəaliyyəti məhdudlaşdırılır.

Əhaliyə yaşayış yerinin 5 kilometrliyindən uzağa getməmək tövsiyə olunur. Ancaq məktəblər bağlanmır.

Son yeddi gündə Avropa ölkələrində yoluxmalarda 44 faizlik artım qeydə alınıb.

DST rəsmisi Maykl Ryan virtual mətbuat konfransında deyib ki, özünütəcrid qaydalarının sistematik tətbiq olunmaması “bu qədər yüksək yoluxma sayı görməyimizi yaxşı izah edir”.

Qadağalara etirazlar var, amma…

Dünya üzrə koronavirusa 40 milyondan çox yoluxma qeydə alınıb, 1.1 milyondan artıq xəstə vəfat edib.

Bir çox ölkələrdə sakinlər qadağalara dirəniş göstərməyə çalışırlar, işlərinə, sosial həyatlarına ziyan dəydiyini deyirlər.

Oktyabrın 19-dan Belçikada barlar və restoranlar bir aylığa bağlanıb, gecələr komendant saatı tətbiq olunub. İtaliya da məhdudiyyətlər tətbiq edib. Polşa milli stadionu səyyar xəstəxanaya çevirəcəyini bildirib.

İsveçrədə qapalı ictimai yerlərdə maska taxmaq məcburi elan edilib. “İkinci dalğa gəlib, gözlədiyimizdən daha tez və daha güclüdür, ancaq biz də hazırlıqlıyıq”, – Səhiyyə naziri Alen Berset deyib.

Oktyabrın 19-da Argentinada yoluxmalar 1 milyona, Kanadada isə 200 minə çatıb.

İranda gündəlik rekorda – 337 ölüm qeydə alınıb.

İsrail isə qadağaları yüngülləşdirməyə başlayıb. Bir neçə həftəydi əhalinin yaşayış yerindən bir kilometrdən uzağa getməsi qadağan olunmuş, bağçalar, çimərliklər, milli parklar başlanmışdı.

Səudiyyə Ərəbistanı da yumşalmaya gedir. Martdan bəri ilk dəfə olaraq oktyabrın 18-də dindarların Məkkədəki Böyük Məscidə girişinə icazə verilib. (Azadlıq Radiosu)