Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın gündəlik təbii qaz ixracı neft bareli ekvivalentində 320 min barel və ya 52,6 mln. kubmetr təşkil edəcək. Bu, 2020-ci illə müqayisədə 14,3% çoxdur.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının aprel buraxılışında deyilir.
2022-ci ildə təbii qaz ixracının neft bareli ekvivalentində 360 min barel və ya 59,1 mln. kubmetrə çatacağı proqnozlaşdırılır. Bu, 2020-ci illə müqayisədə 28,6% çoxdur.
“APA-Economics”in Fondun proqnozları əsasında apardığı hesablamalara görə, 2021-ci ildə gözlənilən gündəlik hasil olunmuş təbii qazın 47,8%-i, 2022-ci ildə isə 50,7%-i ixraca göndəriləcək.
Qeyd edək ki, BVF-nin hesablamalarına əsasən, Azərbaycan ötən il gündəlik 280 min barel və ya 45,99 mln. kubmetr qaz xaricə nəql edib. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə isə, ölkə ötən il ümumilikdə 13,8 mlrd. kubmetr qaz ixrac edib.