Azərbaycan Ordusunun 1918-2024-cü illərdə istifadə etdiyi geyim nümunələri- FOTO

Azərbaycan Hərb Tarixi Muzeyi “ADEX-2024” Beynəlxalq Müdafiə sərgisində Ordumuzun 44 günlük Vətən müharibəsində iştirakına həsr olunmuş “Zəfərimiz – Anbaan!” ekspozisiyası ilə iştirak edir.

Ekspozisiyanın əsas bölməsi azərbaycanlı rəssamların yağlı boya ilə kətan üzərində çəkdikləri Vətən müharibəsinə həsr olunmuş “Şuşa zəfəri”, “Şuşa döyüşündən bir an”, “Qarabağ Azərbaycandır!”, “Zəfər paradı” adlı rəsm əsərlərindən ibarətdir.

Cəmaləddin İsmayılov, Fikrət Babayev, R.Şahin və H.Sadiqovun ərsəyə gətirdiyi rəsm əsərlərinin leytmotivini azərbaycançılıq, dövlətçilik, Azərbaycanın müstəqilliyinin tərənnümü, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun cəsur əsgərlərinin və zabitlərinin döyüşdə göstərdikləri qəhrəmanlıqlarla bağlı mövzular təşkil edir.

Bu barədə Hərb Tarixi Muzeyinin bələdçisi Nübar Novruzova məlumat verib.

“Həmçinin, 44 günlük Vətən müharibəsinə həsr olunmuş Cəbrayıldan – Şuşayadək aparılmış döyüş əməliyyatlarından canlı fotolar nümayiş olunur. Ekspozisiyanı ən yeni tariximizə döyüşlərdə istifadə olunmuş silah və sursat nümunələri tamamlayır. Sərgidə, həmçinin Azərbaycan Ordusunun 1918-2024-cü illərdə istifadə etdiyi geyim nümunələri nümayiş olunur. Həmçinin iki gün ərzində ekspozisiyanın əməkdaşları tərəfindən “Azərbaycanda 1918-2024-cü illərdə hərbi geyimlərin təkamülü” adı altında təqdimat keçiriləcək.

Azərbaycan Hərb Tarixi Muzeyi ADEX Beynəlxalq Müdafiə sərgisində 3-cü dəfədir iştirak edir. İlk dəfə 2018-ci ildə “Azərbaycan silahının təkamülü”, 2022-ci ildə isə “Zəfərimiz silahların izi ilə” adlı ekspozisiya ilə iştirak edən muzey böyük marağa səbəb olub”, – deyə muzeyin bələdçisi deyib.

 

Əvvəlki məqalə

Bu il Azərbaycan vətəndaşlığına qəbul edilən əcnəbilərin sayı

Sonrakı məqalə

Britaniya öz vətəndaşlarını Livandan təxliyə edəcək