Azərbaycan Prezidenti:

"Vətəndaşlara xidmət etmək bizim borcumuzdur"
29 Oktyabr 2019 - 09:56

Vətəndaşlara xidmət etmək bizim borcumuzdur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilən zaman rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir. Bu yaxınlarda yeni hesabatlarda yenə də Azərbaycanın uğurlu inkişafı öz əksini tapır. Misal üçün, Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək”.

 

“Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək”-deyən Dövlət başçısı bildirib: “Beynəlxalq gündəliyimiz çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir. İki gün əvvəl Yekun Bəyannamədə bizim istədiyimiz bütün məsələlər öz əksini tapıb, o cümlədən ərazi bütövlüyü ilə, erməni işğalı ilə bağlı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bizim mövqeyimizlə bağlı istədiyimiz bütün müddəalar orada öz əksini tapıb. Yəni, bu, böyük nailiyyətdir. Mən tam səmimi deyirəm, bu təşkilatda yekdil dəstək almaq çox böyük qəhrəmanlıqdır. Çünki təşkilatın 120 üzv ölkəsi var. Bəzi ölkələr bir-biri ilə yola getmir, bəzi ölkələr arasında çox böyük ixtilaflar, hətta münaqişələr var. Buna baxmayaraq, onların hamısı bizi dəstəklədilər.

Bizim daxili siyasətimiz, bax, bu reallığı yaradır, xarici siyasətimiz də mövqeyimizi gücləndirir. Ona görə bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər – sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq. Bir daha sizi təbrik edirəm”.