Azərbaycan Rusiyadan yeni hərbi texnika alıb –

FOTO
23 İyun 2020 - 12:07

Azərbaycan Rusiyadan TMM-6 ağır mexanikiləşdirilmiş körpülər alıb.

Azpost.info “AzeriDefence” hərbi jurnalına istinadən bildirir ki, “OmskTransMaş” müəssisəsi tərəfindən istehsal edilən TMM-6 (Тяжелый механизированный мост – Ağır Mexanikiləşdirilmiş Körpü) Belarus istehsalı olan 8×8 təkər formuluna malik MZKT-7930 şassisində qurulub.

Yeni texnika Mühəndis Qoşunlarının yeni hərbi hissəsinin açılışında nümayiş etdirilib.

Təkərli və tırtıllı texnika üçün xəndəklər, kanallar və su maneələri üzərindən operativ körpü keçidi üçün nəzərdə tutulan TMM-6 yüksək sürət və portativliyə malikdir.

Körpü keçidinin uzunluğu 17 m, yükqaldırma qabiliyyəti 60 tondur. Maneə üzərində körpünün salınmasına maksimum 50 dəqiqə vaxt tələb olunur.

8×8 təkər formuluna malik MZKT-7930 maşınının sürəti 70 km/saat, heyəti 2 nəfər, gediş ehtiyatı 1100 km təşkil edir.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Orusu Rusiyadan tırtıllı MTU-90 ağır körpüsalanlar alıb.