Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Endryu Şafer (Amerika Birləşmiş Ştatları), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü baş tutub.
Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüşdə tərəflər hazırda COVID-19 pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılması yollarını müzakirə ediblər.
Mövcud vəziyyətin sülh danışıqlarının davam etdirilməsinə maneə olmamasının vacibliyi vurğulanıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti xəbər verir ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın aprelin 21-də video-konfrans formatında görüşü olacaq.
Tərəflər görüşün ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilməsini razılaşdırıblar.