Azərbaycana gətirilən şəxs avtoritet “Qoca” ilə birgə Şirvandakı silahlı atışmada olub

10 Mart 2021 - 15:25

Bu gün Belarusdan Azərbaycana ekstradisiya edilən Kakavan Kavus Zəfər oğlu 2015-ci ildə Şirvanda kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak edib.

2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib.

Belə ki, hadisə vaxtı Nacıyev Elvin Zamanəli (Kriti Elvin) və Sarıbalaev Zaur Vəfadar oğlu qətlə yetirilib.

Hadisəni törətməkdə təqsirli bilinənlər – kriminal aləmin üzvləri Əli Ağami, Tahir Məlikov (Marojna Tahir), Məhəmməd Heydərov (Maqa Hacıqabullu) və Əfsər İbrahimov saxlanılıb, Kakavan Kavus Zəfər oğlu isə istintaqdan qaçaraq gizlənib.

İstintaqın davamında isə hadisənin təşkilatçısı Etibar Məmmədov (“Qoca”) tutularaq istintaqa təhvil verilib.

Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində icraatında baxılan zaman “Qoca” və Əli Ağami Lənkərandan Bakıya gələrkən xüsusi təyinatlı qatardan qaçıblar. Hadisədən bir müddət sonra Əli Ağami özü təslim olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları E. Məmmədovun (“Qoca”) tutulması ilə bağlı əməliyyat keçirən zaman “Qoca” polis əməkdaşlarına atəş açıb, əməliyyat nəticəsində o öldürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.