“Azərbaycanda elə insanlar var ki, dini qaydalardan xəbərsizdir, lakin oruc tutur” –

İran qəzeti
13 May 2020 - 19:58

Azərbaycanda müsəlmanlar Ramazan bayramına ayın son həftəsində, ayın görünməsinə bir həftə qalmış hazırlaşnağa başlayır. Onlar bu ayı adətən “orucluq ayı” adlandırır.

İranın “Taqribnews” xəbər verir ki, bu ölkədə ayın görünməsilə müxtəlif bayram tədbirləri keçirilir, milli festivallar, hətta at yarışları təşkil olunur. Bu ayda səbirli olmaq, pis əməllərdən çəkinmək, küsülülərin barışması Azərbaycan müsəlmanlarının xüsusiyyətlərindəndir.

Bayram günü Azərbaycan ailələri dost ailələrə, qonşulara yemək dolu qablar aparır, ehsan olaraq yoxsullara, ehtiyac sahiblərinə hədiyyələr verir, zəngin insanlar qurbanlar kəsərək, ehtiyaclı insanlara paylayır. Azərbaycanın maraqlı cəhətlərindən biri hicab geyməyən qadınların belə, oruc tutmasıdır. Bu ölkədə elə insanlar var ki, dini qaydalardan ümumiyyətlə xəbərsizdir, namaz qılmır, lakin oruc tutur.

Ramazan ayı boyunca Azərbaycanda əksər restoranlar bağlı olur, bu restoranlarda müğənnilik edən şəxslər müqəddəs Ramazan ayının hörmət əlaməti olaraq, fəaliyyətinə ara verir.

Bu ay ərzində ölkənin əksər məscidində ehsan süfrəsi təşkil olunur. Ramazan ayı boyu məscidlərdə insan izdihamı digər aylarla müqayisədə daha böyük olur. Bu, özünü xüsusilə Azərbaycan müsəlmanlarının birlikdə namaz qıldığı böyük məscidlərdə göstərir. Ay ərzində məscidlərlə yanaşı, bəzi imamzadələrin türbələrini də daha çox insan ziyarət edir, imkanlı şəxslər belə ocaqlarda qurban kəsir, əti ehtiyacı olan insanlara paylayır.

Ramazan ayının ən vacib ayinlərindən biri Qədr gecələri və Beynəlxalq Qüds günüdür. Qədr gecələrində Azərbaycan əhalisi məscidlərdə namaz qılır, ibadət edir. Azərbaycan xalqının İslam dininə olan sevgisinin, inancının daha bir təzahürü isə Beynəlxalq Qüds gününün qeyd olunmasıdır.

Fars dilindən tərcümə – WorldMedia.Az