Azərbaycanda internetdə nişan mərasimi təşkil edildi –

Bəy və qohumları onlayn qoşuldular (FOTOLAR)
27 Mart 2021 - 17:04

Koronavirus pandemiyası ilə əlaqədar hökm sürən karantin rejimi türkiyəli gənclə onun azərbaycanlı sevgilisini online nişan mərasimi keçirməyə məcbur edib.

Bu haqda Türkiyə KİV-ləri yazır.

Ərzurum bölgəsində yaşayan və yerli İmam Hatip Litseyində peşə dərsləri keçən müəllim Murat Kars 2 il əvvəl Bakıya gələndə Aynura Zeynalova ilə tanış olub. Onlar evlənməyə qərar veriblər. Amma araya pandemiya girib və hər iki ölkədə karantinə görə toylara, nişan mərasimlərinə məhdudiyyət qoyulub. Nəticədə onlar nişanlanmaq üçün pandemiyanın bitməsini gözləməli olublar, amma pandemiyanın uzanması səbəbilə Murat Kars və Aynura Zeynalova internet üzərindən nişan məclisi təşkil etməyə qərar veriblər.

Qız tərəfi Bakıda, oğlan tərəfi isə Ərzurumda toplaşıb. Online nigaha gələ bilməyənlərə isə mərasimi izləmək üçün bağlantı linkləri göndərilib.

Gənclər bir daha valideyinlərinin önündə evlənmək qərarlarını elan edəndən sonra Zeynalovanın nişan üzüyünü ata-anası, Murat Karsın üzüyünü isə Ərzurumdakı ailəsi taxıb. Bağlantı linkləri ilə mərasimi izləyən qohum-əqrəba bu anları alqışlarla qarşılayıb.

“Koronavirus pandemiyasına görə insanların hərəkətləri məhdudlaşdırıldı. Amma virtual aləmdə belə sıxıntı yoxdur. İnternet üzərindən dərslər keçilir, konfranslar təşkil olunur. Bu səbəbdən biz də internet üzərindən nişan mərasimi təşkil etmək qərarı aldıq. Ailələrimiz də qəbul edəndən sonra Bakıda və Ərzurumda toplanan ailələrlə nişan mərasimini keçirdik”,-Murat Kars deyib. O bildirib ki, toy mərasimini üz-üzə keçirməyi düşünürlər. Və yaz aylarında etməyə hazırlaşdıqları toya qədər pandemiyanın səngiyəcəyinə ümid edirlər. (virtualaz.org)