Azərbaycanda maska istehsalının qorunması üçün təkliflər irəli sürülüb

Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsinin hazırda 10 milyon tibbi maska və maska xammal ehtiyatı var.

Bunu  açıqlamasında tekstil fabrikinin rəhbəri Səkinə Babayeva deyib.

“Əlimizdə maska istehsalını saxlamaqda məqsədimiz, fövqaladə hallar olan zaman əhalini təmin etməkdir. Çünki tibbi maska strateji məhsuldur. Biz bilirdik ki, bizim müəssisənin yaradılması sosial layihədir. “Bakı Tekstil Fabriki” üçün ayrılan 1,2 milyon manat güzəştli kredit əsasında maska istehsalı yaratdıq və birinci ildə nəzərdə tutulmuş 370 milyon ədəd əvəzinə 120 milyon ədəd həcmdə məhsul istehsal etdik”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda müəssisədə iki istehsal xətti maska istehsalı üçün saxlanılıb: “Digər iki xətti isə başqa bir fəaliyyət istiqaməti üçün saxlamağı hədəfləyirik. Yaxın vaxtlarda iki xəttin fəaliyyət istiqamətini elan edəcəyik, hələki isə bu kommersiya sirridir”.

S.Babayeva hesab edir ki, “Bakı Tekstil Fabriki” kimi müəssisələr yarandığı zaman, əgər o, ölkənin tələbatını ödəyirsə, dərhal xaricdən gətirilən analoji məhsullara qadağa və ya hər hansı məhdudiyyətlər qoyulsun: “İstehsal zamanı məhsul iki aydan sonra satışa çıxarılır və arada marja fərqi yaranır. İdxalçılar maskanın bir ədədini 20 qəpiyə satır, biz isə 11 qəpiyə təklif edirik və bu fərq hesabına apteklər çox böyük qazanc əldə edirlər.

Düşünürük ki, Dövlət Vergi Xidməti eyni zamanda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna diqqət etməlidir. Qiymət rəqabəti və daxili istehsalın qoruyub saxlamaq üçün güzəştlər tətbiq olunmalıdır. Yarana biləcək hər hansı problemlərin həlli üçün isə Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti arasında bir işçi qrupun daim olması mütləqdir”.

O qeyd edib ki, bir çox məhsullar var ki, onlara dövlət dəstəyi olmalıdır: “Məsələn, Türkiyəni nümunə göstərə bilərik. Bir neçə ayın içərisində ən azı 11 dəfə maska istehsalı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Ölkədə maska istehsalı təşviq edilir. Düşünürəm ki, biz buna bir az vərdiş etməliyik”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında 17,6 milyon maska istehsal edilib, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 % azdır.

Əvvəlki məqalə

Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb

Sonrakı məqalə

Kaylinin vəkili korrupsiya ittihamlarını yalanladı: