Qlobal bazarlarda baş verən hadisələr və çağırışlar nəzərə alınmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsi, özünütəminat səviyyəsinin yaxşılaşdırılması, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılacaq. Dövlət investisiyalarının effektivliyinin artırılması, özəl investisiyaların təşviqi və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı istiqamətində işlər davam etdiriləcək, bu çərçivədə vergi güzəştlərinin verilməsi dəstəklənəcək.
Bunu Baş nazir Əli Əsədov hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsi zamanı bildirib.
“Ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının real artım tempinin 5 faizi üstələməsinə nail olunması, habelə kənd təsərrüfatı və qeyri-neft sənayesi kimi sahələrin bu artıma töhfəsinin yüksəlməsi üçün lazımi tədbirlər görüləcək”, – deyən Baş nazir, həmçinin qeyd edib ki, yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.
Əli Əsədov onu da qeyd edib ki, dövlət başçısının ölkəmizdə humanitar sahədə, xüsusilə də təhsil sahəsində genişmiqyaslı islahatlarından irəli gələn vəzifələrə uyğun olaraq, milli təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində aparılan fəaliyyət davam etdiriləcək.