Azərbaycan Texniki Universitetinin (AzTU) tarixində ilk dəfə tələbə-rektor seçkisi keçirilib.
Noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla öz seçimlərini ediblər. AzTU-nun 7 fakültəsinin hər birindən bir namizəd seçilib və onlar son mərhələdə universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər. Çıxışlardan sonra 7 tələbə-rektor namizəd arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən, hər namizəd şəxsən özünə və digər bir nəfər namizədə səs verib.
Səsvermənin nəticəsinə görə, Azərbaycan Texniki Universitetinin ilk tələbə-rektor seçkisinin qalibi “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin 2-ci kurs tələbəsi Əli Abdullazadə olub.
AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Bir il müddətinə seçilən tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.
Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur. Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.