Azərbaycandan Gürcüstana gedən bir qrup çinli turist xəstəxanaya yerləşdirilib

30 Yanvar 2020 - 16:01

Gürcüstanın Kazbegi rayonunda bir qrup çinli turist təcili yardım maşını ilə Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasına gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Elmi Şurasının sədri Paata İmnadze məlumat verib.

O bildirib ki, buna turistlərin arasında iki azyaşlıda yüksək hərarətin olması səbəb olub: “Çinli turistlər koronavirusun yayıldığı Uhan vilayətindən 1300 km uzaqlıqda yerləşən bölgədən gəliblər və bu bölgədə virusa rast gəlinməyib”.

P.İmnadze qeyd edib ki, həmin şəxslər müvafiq qaydada müayinədən keçiriləcək və yoxlanılacaqlar.

O, koronavirus ehtimalının olmadığını, bununla belə qaydalara müvafiq olaraq həmin şəxslərin izolyasiya ediləcəklərini vurğulayıb.

Çinli turistlərin yanvarın 21-də Çindən Bakıya, yanvarın 25-də isə Bakıdan Gürcüstana gəldiyi bildirilir.