Almaniyaya qanunsuz yolla daxil olmağa çalışan 6 Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə “Report”un Avropa bürosu Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat əldə edib.
Belə ki, dekabrın 4-də “Mercedes Vito” markalı avtomobil A17 avtobanında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Türkiyə, 6 sərnişini isə Azərbaycan vətəndaşıdır.
Azərbaycan vətəndaşlarının Latviya vizası ilə Almaniyaya səyahət etdiyi şübhə doğurduğundan araşdırmalara başlanılıb. Ailə polisə ifadəsində Almaniyaya turist kimi gəldiyini bildirib. Lakin onların adından otel bronu ilə bağlı verilən sorğunun nəticəsi neqativ çıxıb. Azərbaycanlı ailənin Latviya vizası qısamüddətli olduğundan polis onların Almaniyaya qanunsuz miqrant kimi gəlməsindən şübhələnərək rəsmi Riqaya sorğu göndərib, adlarına otel bronunun olub-olmadığını öyrənib. Nəticədə həmin şəxslər heç Latviyaya getmədikləri, eyni zamanda adlarına olan bronu aktivləşdirmədən ləğv etdikləri müəyyənləşib. Bu baxımdan, Almaniya Federal Polisi azərbaycanlı ailə ilə bağlı toplanılan faktları Braytenau Federal Prokurorluğuna və Miqrasiya İdarəsinə təqdim edib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Braytenau şöbəsində saxlanılan ailənin yaxın günlərdə Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
Bundan başqa, avtomobilin sürücüsü və sərnişinlər qaydaları pozduqlarına görə barələrində ilkin məhkəmə istintaqı başlanılıb. Türkiyə vətəndaşı 700 avro, Azərbaycan vətəndaşları isə 5200 avro cərimə də ödəmək məcburiyyətindədirlər. Eyni zamanda azərbaycanlı ailənin Latviya vizası da ləğv edilib.