“Səfir olaraq prioritetim Azərbaycanda olduğum müddətdə Azərbaycan-ABŞ əlaqələrinin hər bir sahəsində uğurumuzu davam etdirməkdir”.
Bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib. O qeyd edib ki, prioritetlərdən biri də yalnız hökumətlərarası deyil, insanlar arasında əlaqələri inkişaf etdirməkdir: “Məmnunluqla qeyd edirəm ki, bir çox sahələrdə böyük nailiyyətlərimiz var. Bu nailiyyətlərdən biri odur ki, Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bu yaxınlarda kənd təsərrüfatı forumunda iştirak etmək üçün ABŞ-a səfər edib. Orada biz ticarət, biznes və kənd təsərrüfatı sahəsində bilik və təcrübə mübadiləsinə razılaşmışıq. Azərbaycanla təhlükəsizlik sahəsində də əməkdaşlığımızı davam etdirərək, onun suverenliyinə, müstəqilliyinə böyük hörmətimizi ifadə edirik. Eyni zamanda vətəndaşlar arasında xüsusilə təhsil sahəsində olan mübadilə proqramlarını uğurla davam etdiririk. Ümid edirik ki, Azərbaycanda ingilis dilində tədris sahəsində müəyyən nailiyyətlərə nail olacağıq”.