“Biz gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanına malikik”.
Bunu bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud durum vəziyyət barədə məlumat verərkən bildirib. Bayramlı deyib ki, indiyə qədər xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb, hazırda karantində 560 nəfər var: “Bu günə qədər 4200-ə qədər müayinə aparılıb. 25 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 7 nəfərdə inkubasiya dövrü bitib, onlar sağalaraq evə buraxılıblar”.
“Bizim ölkəmizdə koronavirus infeksiyasının yayılması intensivliyi ciddi nəzarət altındadır”.
Bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Azərbaycanda koronavirusla mübarizə ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsinə ehtiyac olub-olmamasına gəlincə, R. Bayramlı deyib ki, bu, vəziyyətdən asılıdır: “Əgər belə bir təhlükə görsək, dərhal müvafiq qurumlara, hökumətə müraciət edərik. Ancaq bu gün infeksiyanın yayılma intensivliyi və prosesi nəzarətdə saxlamalığımız buna qəti surətdə əsas vermir. Avropanın bir sıra ölkəsi fövqəladə vəziyyət elan edib, amma Azərbaycanda koronavirusla bağlı intensivlik o həddə deyil, ona görə də buna ehtiyac yoxdur”. Bayramlı qeyd edib ki, karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalarda yerləşdirilib: “Ağır halda olanlar Bakıda müvafiq xəstəxanalarda, daha yüngül vəziyyətdə olanlar isə rayonlardakı xəstəxanalardadır”.