Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi –Prezidentin köməkçisi

Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpusun nümayəndələrinin qarşısında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir və beynəlxalq tərəfdaşlar regionu köhnə narrativlərə qaytarmamalıdır: “Biz bütün tərəfdaşlarımızı sülh gündəliyimizi dəstəkləməyə çağırırıq. Regionu köhnə narrativlərə qaytarmaq cəhdləri faydalı deyil və əks nəticə verir”.

Hikmət Hacıyev qeyd edib ki, Cənubi Qafqazda yeni status-kvo formalaşıb və bu reallıq beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin tarixi ədalətə əsaslanır.

O, xüsusilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini diqqətə çatdırıb.

“Həmin gün Ermənistan-Azərbaycan münasibətlərində növbəti tarixi an yaşandı. Azərbaycanın Baş nazirinin müavini yarı rəsmi səfərlə Ermənistan Respublikasına getdi. Hər iki tərəf müxtəlif istiqamətlər üzrə hökumətlərarası müzakirələr apardı”.

Prezidentin köməkçisinin sözlərinə görə, müzakirələr iqtisadi-ticarət əlaqələri, siyasi dialoq, sərhədlərin delimitasiyası və sərhəd əməkdaşlığı məsələlərini əhatə edib.

Hikmət Hacıyev əlavə edib ki, artıq Azərbaycan üzərindən tranzit yüklərin Ermənistana çatdırılması yeni reallığa çevrilir: “Dünən müəyyən mallar Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana çatdırıldı. Bu, artıq yeni norma və yeni reallıqdır”.

O qeyd edib ki, iki ölkənin biznes dairələri də müəyyən məhsulların idxalı istiqamətində əməkdaşlıq üzərində çalışırlar: “Ermənistan və Azərbaycan arasında münaqişənin həlli hər iki ölkə üçün daha geniş mənada təhlükəsizlik və sabitlik təmin edir”.

Hikmət Hacıyev vurğulayıb ki, Qarabağda yeni həyat qurulur və bölgə sürətlə inkişaf edir: “Bu gün biz Qarabağ Universitetindəyik. Burada gənc simaları görürük. Xankəndi yeni sima və yeni həyat qazanır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.