Azərbaycanın bölgələrində ixtisaslı həkim çatışmazlığı uzun illərdir səhiyyə sisteminin ən ağrılı yaralarından biri olaraq qalır. Sosial şəbəkələrdə, media resurslarında mütəmadi olaraq rayon mərkəzlərində, xüsusən də kəndlərdə dar ixtisaslı həkim tapılmaması barədə şikayətlərə rast gəlirik.
Azpost.info bildirir ki, məsələnin aktuallığını nəzərə alan TƏBİB regionlarda tibbi resursların səmərəli bölüşdürülməsi və bu boşluğun aradan qaldırılması istiqamətində genişmiqyaslı təhlillərə başladığını elan edib.
Bəs regionlarda həkim niyə azdır? Dövlət xəstəxanaları müasir avadanlıqlarla təmin olunduğu halda, gənc və savadlı mütəxəssislər niyə bölgələrə getməyə can atmırlar?
Ağrılı statistika: Həkimlərin böyük əksəriyyəti paytaxtdadır
TƏBİB rəsmilərinin son çıxışlarında yer alan statistik göstəricilər real mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur. Azərbaycanda fəaliyyət göstərən həkimlərin təxminən 60-70%-i yalnız paytaxt Bakıda cəmləşib. Regionlarda isə kəskin bərabərsizlik hökm sürür.
Qurumun hesabatına görə, hazırda ölkə üzrə fəaliyyət göstərən 34 min 800 həkimin böyük hissəsi Bakıdadır. Regionlarda isə xüsusilə cərrah, anestezioloq-reanimatoloq, travmatoloq, ginekoloq, pediatr, neonatoloq və rentgen/KT üzrə şüa diaqnostikası mütəxəssislərinə ciddi ehtiyac var. Şimaldan cənuba, qərbdən mərkəzi aran zonasına qədər demək olar ki, bütün bölgələrdə eyni ixtisasların çatışmazlığı yaşanır.
Həkimlər rayonlardan niyə qaçır?
Ekspertlərin rəyləri və mövcud sosial-iqtisadi şərait göstərir ki, həkimlərin regionlara getməməsinin arxasında bir neçə ciddi faktor dayanır.
İlk olaraq maddi motivasiyanın aşağı olması və rəqabəti qeyd etmək lazımdır. İcbari Tibbi Sığorta sisteminin tətbiqi ilə həkimlərin maaşlarında və bonuslarında artım olsa da, Bakıdakı özəl tibb sektoru gənc və savadlı mütəxəssislərə daha böyük maliyyə imkanları təklif edir. Regiondakı sabit maaş və məhdud bonus sistemi Bakıdakı yüksək gəlirli özəl klinika mühiti ilə rəqabət apara bilmir.
Digər səbəb xaricə “beyin axını”dır. Azərbaycan Dövlət Tibb Universitetini bitirən, rezidenturanı uğurla tamamlayan savadlı gənclərin əhəmiyyətli bir hissəsi karyerasını Türkiyə, Almaniya və digər Avropa ölkələrində qurmağa üstünlük verir. Ölkədə qalanların ilk seçimi isə yenə Bakı olur.
Gənc həkimlərin bölgələrə getməsi üçün təkcə iş yeri kifayət etmir. Onların mənzil təminatı, ailələri, uşaqlarının təhsili üçün regional infrastrukturun (müasir məktəblər, bağçalar, asudə vaxt məkanları) zəif olması mütəxəssisləri rayonda yaşamaq fikrindən daşındırır.
Bu sferada həmçinin iş yükünün qeyri-bərabər paylanması səbəblər sırasındadır. Bəzi rayon xəstəxanalarında müəyyən ixtisaslar üzrə həkim olsa da, əhalinin müraciət sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Digər tərəfdən isə bəzi mərkəzlərdə bir həkimin üzərinə normadan artıq gecə növbəsi və iş yükü düşür.
TƏBİB məsələyə necə yanaşır?
TƏBİB-in İcraçı direktorunun müavini Rahim Hüseynov mediaya açıqlamasında bildirib ki, qurum bu dəfə məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, problemə sadəcə “həkim çatışmır, ora həkim göndərək” prinsipi ilə yanaşmaq effektiv deyil.
Hazırda aparılan analizlərin məqsədi ilkin səhiyyə xidmətinin yeni modelini formalaşdırmaqdır. Bu model çərçivəsində, Bakı və regionlardakı həkim təminatı, həmçinin kadr artıqlığı olan sahələr dəqiq xəritəsi hazırlanır. Əhalinin tibbi xidmətə olan real tələbatı (hansı rayonda hansı xəstəliklərin daha çox yayılması) öyrənilir.Eyni zamanda həkimlərin yerləşdirilməsi və miqrasiyası bu real tələbata uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək.
Ekspertlər hesab edir ki, regionlarda həkim probleminin köklü həlli üçün gənc mütəxəssislərə bölgələrdə cəlbedici şərtlər (mənzil təminatı, yüksək regional əmsallı maaşlar, xüsusi imtiyazlar) təklif olunmalıdır.
TƏBİB-in başlatdığı bu geniş təhlillərin real nəticələrini isə ilin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində və regional xəstəxanalardakı kadr dəyişikliklərində görmək mümkün olacaq. Region əhalisi isə ümid edir ki, paytaxta gəlmədən, öz rayonlarında keyfiyyətli tibbi xidmət ala biləcəklər günü çox gözləməli olmayacaqlar.
Samir Abdulla