“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı daha bir sərnişin narazılığı ictimai müzakirələrə səbəb olub. AzPost xəbər verir ki, vətəndaş V. Babayeva sosial şəbəkədə etdiyi paylaşımda 17 yanvar 2026-cı il tarixində 2 yaş 2 aylıq oğlu ilə birlikdə Bakı–Dubay marşrutu üzrə uçuş zamanı çətinliklə üzləşdiyini bildirib.
Şikayətçinin sözlərinə görə, bilet şərtlərinə əsasən həm özü, həm də azyaşlı övladı üçün ayrıca 23 kiloqram olmaqla ümumilikdə 46 kiloqram qeydiyyatlı baqaj hüququ olub. Buna baxmayaraq, qeydiyyat zamanı bir ədəd baqajın çəkisinin 26 kiloqram olması əsas gətirilərək 3 kiloqram artıq çəki üçün ondan 70 avro əlavə ödəniş tələb edilib. AZAL əməkdaşları hər bir baqaj vahidi üçün maksimal çəki limitinin 23 kiloqram olduğunu bildiriblər.
V. Babayeva azyaşlı uşaqla səyahət etdiyini, eyni anda iki ayrı baqaj daşımağın real olmadığını və bu vəziyyətin təhlükəsizlik baxımından da çətinlik yaratdığını izah etdiyini vurğulayıb. O, qeyd edib ki, səfər zamanı uşaq arabası belə olmayıb, buna baxmayaraq vəziyyət nəzərə alınmayıb.
Məsələ yerində həllini tapmadıqdan sonra sərnişin AZAL-ın şikayət xəttinə elektron məktub ünvanlayıb. Cavabda isə bildirilib ki, qaydalara əsasən hər bir baqaj vahidi maksimum 23 kiloqram olmalıdır və normadan artıq çəki üçün əlavə ödəniş tətbiq edilir.
Sərnişin bu yanaşmanı “mexaniki və insani amili nəzərə almayan” mövqe kimi qiymətləndirərək qeyd edib ki, məqsəd qaydanı əzbər tətbiq etmək deyil, xüsusilə azyaşlı uşaqla səyahət zamanı problemi həll etmək olmalıdır. O, indiyə qədər bir çox ölkələrə və müxtəlif aviaşirkətlərlə uçduğunu, lakin son iki səfərində AZAL-la bu qədər mənfi təcrübə yaşadığını bildirib.
Belə hallarda sərnişin qanunvericiliyə əsasən nə edə bilər?
Aviasiya hüququ üzrə mütəxəssislərin fikrincə, sərnişin aşağıdakı addımları ata bilər:
-
AZAL rəhbərliyinə və rəsmi qaydada yazılı şikayət təqdim etmək;
-
Dövlət Mülki Aviasiya Agentliyinə (DMAA) müraciət edərək aviaşirkətin qaydalarının sərnişin hüquqlarına uyğunluğunun araşdırılmasını tələb etmək;
-
Ödəniş qəbzlərini və yazışmaları əsas götürərək istehlakçı hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara şikayət etmək;
-
Beynəlxalq uçuş olduğu üçün, aviaşirkətin daşıma qaydalarının biletdə açıq və birmənalı göstərilib-göstərilmədiyini hüquqi müstəvidə mübahisələndirmək.
Qeyd olunur ki, aviaşirkətlər qaydalara istinad etsələr də, sərnişinlərin təhlükəsizliyi və real şəraiti nəzərə alan çevik yanaşma tətbiq etmək hüququna malikdirlər.