Azərbaycanın mobil rabitə bazarında fəaliyyət göstərən “Azercell” operatorunun xidmət siyasəti və müştəri məmnuniyyəti məsələsi yenidən müzakirə mövzusuna çevrilib. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Sahil Əliyev şirkətin “Asan İmza” xidməti ilə bağlı qarşılaşdığı neqativ halları ictimailəşdirərək, operatorun yanaşmasını kəskin tənqid edib.
Nömrə satışı üçün “qeyri-mümkün” bəhanəsi?
Vətəndaşın paylaşdığı məlumata görə, hadisə üç ay öncə “Asan İmza” nömrəsi əldə etmək istəyərkən başlayıb. O, mövcud şəxsi nömrəsini bu xidmətə keçirmək istəsə də, mağaza əməkdaşları bunun mümkün olmadığını bildiriblər. Nəticədə, vətəndaşdan 40 manat ödəniş alınaraq ona tamamilə yeni nömrə satılıb.
Lakin problem bununla bitməyib. Sahil Əliyev bildirir ki, hazırda nömrədə tarif paketi bitdiyi üçün “Asan İmza” xidmətindən istifadə edə bilmir. Belə ki, sistem ondan aylıq 2.50 AZN xidmət haqqı ilə yanaşı, həm də aktiv tarif paketinin olmasını tələb edir.
Operatorun “dahiyanə” məsləhəti: “1 manat vur, 2-3 gün işlət”
Məsələ ilə bağlı “Azercell”in müştəri xidmətlərinə mənzil başına yollanan vətəndaş, operatorun qeyri-peşəkar reaksiyası ilə qarşılaşıb. Şikayətçinin sözlərinə görə, operator ona problemin sistemli həlli əvəzinə, səmərəsiz bir təklif irəli sürüb.
“Operator mənə deyir ki, “Sizə hər gün lazımdır ki nömrə? 1 manat vur, 2-3 gün işlət”. Adam dəhşətə gəlir. Mənə tarif lazım deyil, mənə lazımdır ki, aylıq 2.5 manatımı ödəyim və işimi görüm. Lakin süni maneələr buna imkan vermir.”
Mövzu ilə bağlı “Azercell” şirkətinin rəsmi mövqeyini dərc etməyə hazırıq.