“Bəşəriyyəti koronavirusla bağlı daha çətin sınaqlar gözləyir” –

ÜST-ün baş direktorundan bədbin açıqlama
21 Aprel 2020 - 10:34

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus hesab edir ki, koronavirus pandemiyası ilə bağlı vəziyyət daha da gərginləşəcək.

ÜST-ün baş direktoru koronavirusla bağlı bədbin danışıb.

“Bəşəriyyəti koronavirusla bağlı daha çətin sınaqlar gözləyir”, – deyə ÜST-ün baş direktoru bildirib. “İnanın, ən mürəkkəbi irəlidədir. Amma biz bu faciənin qarşısını ala bilərik”, – o Cenevrədə jurnalistlərə deyib. “Çoxları sadəcə anlamırlar ki, bu virus nədir”, – baş direktor əlavə edib.

Tedros Adhan Qebreyesus qeyd edib ki, COVID-19 digər tərəfdən çox yoluxucudur. Koronavirus əhalinin bəzi qrupları üçün ciddi təhlükə törədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.