ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb.
Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları bir gün öncə ABŞ hərbi qüvvələrinin İraqda “Xətaib Hizbullah” qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər. Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışırlar.
Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da “Hizbullah”ın İraqdakı qolu olan “Xətaib Hizbullah” qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində “Xətaib Hizbullah”ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var.
ABŞ-ın İraqdakı səfirliyi boşaldılıb. Səfirlik binasının bir hissəsində yanğın törədilib.
Aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olublar. Bu arədə Türkiyənin NTV telekanalı məlumat yayıb. (APA)