Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları işləmir

05 Aprel 2021 - 10:20

Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda bu gündən uşaq bağçaları fəaliyyət göstərmir.

Bağçalara bildirilib ki, müəllim və texniki heyət vaksinasiya olunana qədər bağçalar fəaliyyət göstərməyəcək.

Valideynlər də APA-ya deyiblər ki, onlara müəllimlərin və texniki heyətin vaksinasiyası ilə əlaqədar bu gündən bağçaların fəaliyyətini dayandırdığı bildirilib.

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları adıçəkilən regionlarda aprelin 5-dən dövlət və özəl bağçalarda tədrisin dayandırılması barədə müvafiq sərəncamlar vermişdi.

Təhsil naziri Emin Əmrullayev isə ötən həftə sonu “Facebook” səhifəsində canlı yayımda bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda bağçalar fəaliyyətini ənənəvi qaydada davam etdirəcək. O deyib ki, bağçalarda distant təhsil mümkün deyil: “Bu baxımdan bağçaların fəaliyyəti hələ ki, davam etdirilir. Növbəti həftələrdə bağçalar fəaliyyətini davam etdirəcək. Yenə də sanitar-gigiyenik normalara əməl edilməsi xahiş olunur”.

Əlavə edək ki, COVID-19-la əlaqədar Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronda məktəblər bu gündən distant təhsilə keçib.