Bakıda BMT-nin İdarəçilik üzrə İnnovasiya Sammiti keçiriləcək

“ASAN xidmət” hazırda 400-dən çox xidmət təqdim edir.

Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Afrika və Azərbaycanı birləşdirmək: İnvestisiya, ticarət və artım” adlı panel sessiyada deyib.

O bildirib ki, Azərbaycan “ASAN xidmət” modeli vasitəsilə dövlət xidmətlərinin göstərilməsində müasir texnologiyaları və innovasiyaları inteqrasiya edən ilk ölkələrdən biri olub.

Məhəmmədəli Xudaverdiyev qeyd edib ki, “ASAN” modelinin təcrübəsi hazırda dünyanın 50-dən çox ölkəsi ilə bölüşülür.

“Bu gün dünyada 600-dən çox mərkəz “ASAN” prinsipləri əsasında fəaliyyət göstərir və 800 milyondan çox insana xidmət göstərir. Bu, dünya əhalisinin təxminən 10 faizinə bərabərdir”, – o vurğulayıb.

Şöbə müdiri Azərbaycan ilə BMT arasında əməkdaşlığa da toxunub. O qeyd edib ki, 2024-cü ildə BMT ilə töhfə sazişi imzalanıb və “ASAN” təcrübəsinin dörd qitədə paylaşılmasını dəstəkləmək məqsədilə etimad fondu yaradılıb.

Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədlərindən biri “ASAN xidmət” modelinin ən az inkişaf etmiş ölkələrdə, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə və kiçik ada dövlətlərində tətbiqi potensialının inkişaf etdirilməsidir.

O, həmçinin, bildirib ki, 5–6 noyabr tarixlərində Bakıda BMT-nin İdarəçilik üzrə İnnovasiya Sammiti keçiriləcək.

Şöbə müdiri “ASAN” modelinin korrupsiya və bürokratiyaya qarşı institusional islahat vasitəsi olduğunu diqqətə çatdırıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.