Bakıda ötən il nə qədər cinayət törədilib? –Şəhər prokuroru əməliyyat müşavirəsində rəqəmləri açıqladı

Ötən il Bakı şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində şəhər prokuroru İlqar Abbasov deyib.

Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.

Bakı şəhər prokuroru İlqar Abbasov deyib ki, 2018-ci ildə Bakı şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11813 hadisə qeydə alındığı halda, 2019-cu ildə 637 hadisə, yəni 5,4%  azalaraq 11176 hadisə olub, onların açılma faizi 0,4 % azalaraq 79,8 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 % azalaraq 1278 təşkil edib.  

Onun sözlərinə görə, hesabat dövrü ərzində Bakı şəhər prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib.

Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanaraq bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilib. 2019-cu ildə qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) 1-i istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.

2018-ci illə müqayisədə hesabat dövründə quldurluq hadisəsi 3 hadisə az, yəni 73 hadisə qeydə alınıb, onlardan 8-i bağlı qalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub, onlardan 2-i bağlı qalıb.

2019-cu ildə şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12163 cinayət işindən 4207-nin istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 10 milyon 477 min manat maddi ziyandan 42 %-i, yəni 4 milyon 427 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 171 min manat maddi ziyandan 95 %-i, yəni 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nazirlik havanın dəyişəcəyi ilə bağlı əhaliyə müraciət edib

Sonrakı məqalə

Prezident Davosda BP-nin baş direktoru ilə görüşdü –