“Seçmə mərhələdə ikinci yeri tutmağımızın bizim üçün daha xeyirli olduğunu gördüm”.
Matc.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir deyib.
TRT Spor telekanalında yayımlanan “Gündəm Futbol” proqramının qonağı olan federasiya başçısı AVRO-2020 ilə bağlı fikirlərini bölüşüb. O, püşkatmadan sonra A qrupunda yer aldıqları üçün məmnun olduqlarını söyləyib: “Püşkatma ürəyimizcə oldu. Heç vaxt “asan qrupdu, komandaları rahat keçərik” kimi cümlə işlətməmişəm, işlətmək də istəmirəm. Amma komandamıza, baş məşqçimizə güvənirik. Gənc kollektivlə və onların yanında olan Burak, Əmrə kimi təcrübəli oyunçularla uğur qazanacağımıza inanıram. Əsas hədəfimiz qrupdan çıxmaqdır”.
Özdəmir komandasının İtaliya, Uels və İsveçrə ilə birgə yer aldığı qrupdakı şanslarını da dəyərləndirib. TFF prezidenti, xüsusən də, iki oyunu Bakıda keçirməyin onlar üçün üstünlük olacağını düşünür: “Bütün dünya İtaliya ilə Romada keçirəcəyimiz açılış matçından danışacaq. UEFA da açılış oyununda İtaliya ilə Türkiyənin qarşılaşmasından məmnundur. Qrupda növbəti iki oyunumuzu Bakıda keçirəcəyik, qardaş ölkə dediyimiz Azərbaycanda. Hər zaman bu fikri səsləndirmişik: iki dövlət, bir millət. Bakıdakı stadion ağzına qədər dolacaq. Azarkeş üstünlüyündən yararlanıb, Bakıda qrupdan çıxmaq üçün yetərli sayda xal toplamağı hədəfləyirik. Həm Romada, həm də Bakıdakı qarşılaşmalarda bizi dəstəkləmək istəyən azarkeşlər indidən biletlərini alsınlar, səfər proqramlarını qursunlar. Bütün futbolsevərləri Türkiyə yığmasını dəstəkləmək üçün həmin oyunlara çağırırıq“.
Qeyd edək ki, qrupda ilk oyununu iyunun 12-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.