“Bakıya bir neçə dəfə gəlmişəm” –

“Soyadımızı bizə Mirzə Fətəli Axundov verib” (Əbdürrəhman Vəzirov)
14 Aprel 2020 - 18:06

“Mən Bakıda anadan olmuşam. Valideynlərim isə Qarabağda doğulub. Babam Qarabağ xanının vəzirinin nəvəsidir. Qarabağ xanlığının vəziri Camal Cavanşir xalqımızın tarixində böyük rol oynayıb və mən bununla fəxr edirəm.  Mən həmişə bu şəcərəyə layiq yaşamağa çalışmışam. Daşıdığım Vəzirov soyadını götürməyi  babama böyük maarifçi yazıçımız Mirzə Fətəli Axundov təklif edib. Vəzir adını saxlamaq üçün…”.

 Azpost.info bildirir ki, bu sözləri Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov  Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına verdiyi müsahibəsində deyib.

 Ə. Vəzirov valideynlərinin necə ailə qurmasından da danışıb: “Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji məktəbində oxuyub.  O, Qaryagin (indiki Fizuli-red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Dudukçu kəndinin sahibi olub. Bu kənd vaxtıilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb. Bu evin yaxınlığında dayımın evi yerləşirdi. Anam yay tətilində bu evə tətilə gələrdi.  Atam neftçi idi və Qaryaginə məzuniyyətə gəlibmiş.  Nənəm oğluna fikir verib görüb ki, gənc qıza diqqət yetirir. Nəticədə belə alınır ki, partiyanın birinci katibinin bacısı bəy oğlu ilə Bakıya qaçır. Dayım mən dünyaya gələndən sonra bacısı ilə barışıb. Çox firavan uşaqlığım olub. Beş oğlu olan babam məni çox himayə edirdi. O həmişə deyirdi: “Hamısı sənə qurban!” Bağçaya getməmişəm. Atam və anam bizim bütün qayğımızı çəkiblər.  Onlar əmək adamları idi.  Uşaqlığım çöx sayda millətlərin yaşadığı məkanda keçib”.

Daha sonra Ə. Vəzirov maraqlı etiraf edib. O bildirib ki, 90-cı illərdə Azərbaycana gəlib: “Bu illər ərzində bir neçə dəfə Azərbaycana getmişəm. Dəqiq neçə dəfə olduğumu deyə bilmərəm. Anam vəfat edəndə Bakıya gəldim. Digər  tədbirlərdə də  iştirak etmək üçün Azərbaycana gəlmişəm. Amma bu, çoxdan – 90-cı illərdə olub”…

Xatırladaq ki, Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Vəzirov həmişə Bakıya ordunun çağırılmasında ittiham edilib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 90 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Azpost.info