Baş prokuror Perinatal Mərkəzdəki yanğının ilkin səbəbini açıqladı

Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.

Bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

“İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, – deyə Baş prokuror qeyd edib.

 

K.Əliyev bildirib ki, Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb:
“Növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib. Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.