Belçika kralı üzr istədi

- Bu səbəbdən
30 İyun 2020 - 13:40

Belçika kralı Filip ilk dəfə olaraq müstəmləkə dövründə Konqo xalqına qarşı edilən cinayətlərə və təhqirlərə görə rəsmi şəkildə üzr istəyib.

APA-nın “The Bulletin”ə istinadən verdiyi xəbərə görə, Kral Filip Konqonun Belçikadan müstəqillik əldə etməsinin 60-cı il dönümü ilə bağlı Konqo Demokratik Respublikasının Prezidentinə üzr məktubu göndərib. 

Kral Filip Belçika kralı II Leopold tərəfindən törədilən zorakı hərəkətlərə və  əzablara görə ən dərin təəssüf və peşmanlığını ifadə edib.

“Əlaqələrimizi daha da gücləndirmək və daha məhsuldar bir dostluq qurmaq üçün uzun ortaq tariximizi həqiqi və sakit şəkildə danışmağı bacarmalıyıq. Tariximiz ümumi nailiyyətlərdən, eyni zamanda ağrılı epizodlardan ibarətdir. Müstəmləkə dövründə hələ də ümumi yaddaşımızda qalan zorakılıq və qəddarlıq hərəkətləri törədilib. Müstəmləkə dövrü iztirablara və təhqirlərə səbəb olub. Keçmişin bu yaralarına görə, cəmiyyətlərimizdə hələ də mövcud olan ayrı-seçkiliklə yenidən xatırladılan o ağrılara görə dərin təəssüf hissimi bildirmək istəyirəm”, – deyə kralın məktubunda qeyd olunub.  

Belçika kralı hər növ irqçiliyə qarşı mübarizə aparmaq əzmində olduğunu bildirib.

Kral Filip müstəmləkə dövründə Belçikanın əməllərinə görə rəsmi olaraq peşmanlığını ifadə edən ilk Belçika monarxıdır. 

Qeyd edək ki, keçmiş Belçika kralı Konqonu 1885-ci ildən 1908-ci ilədək 23 il müddətinə şəxsi mülkü elan edib. O, milyonlarla konqolunun qul edilməsinə və bu müddət ərzində törədilən vəhşiliklərə görə tanınır. Bu dövrdə müstəmləkəçilik nəticəsində 5-15 milyon arası konqolu həyatını itirib. 

Belçikanın Baş Naziri Sofi Vilmesin də Belçika hökuməti adından müstəmləkə dövründə edilən rəftara görə üzr nitqi ilə çıxış etməsi gözlənilir.