Beyləqanda 18 yaşlı qızı kimlər döyüb öldürüb? –

Bəzi məqamlar məlum olub
10 Oktyabr 2019 - 11:36

Beyləqan rayonu Kəbirli kəndində baş vermiş hadisə ilə bağlı bir neçə şəxs polis tərəfindən dindirilmək üçün saxlanılıb. Onlardan biri də taksi sürücüsüdür.

Azpost.info bildirir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, Beyləqan rayonu Kəbirli kəndi ərazisində yol kənarında huşsuz vəziyyətdə tapılan və yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən 18 yaşlı Aygün Quliyevanın ölümü ilə bağlı araşdırmada bəzi məqamlar məlum olub.

Belə ki, şübhəlilər arasında ailənin yaşadığı Yuxarı Aran kənd sakinləri yoxdur. Saxlanılan şübhəlilər rayon camaatıdır. Hadisə kənddə olmadığına görə şübhəlilər də əsasən rayon ərazisində axtarılır.

Qızı sonuncu dəfə görənlər hamısı dindirilməyə alınıb. Ancaq hələlik konkret olaraq şübhəli yoxdur.

Əldə etdiyimiz məlumata görə, rayon yollarındakı bütün kameraların yaddaşı yoxlanılır. Ancaq kənddə heç bir müşahidə kamerası yoxdur.

Məlumata görə, ailə üzvlərindən biri, öldürülən Aygünün balaca bacısı onun maşına minərək getdiyini görüb.

Qeyd edək ki, ötən gün Beyləqan rayonu Kəbirli kənd yolunun kənarında 18 yaşlı Aygün Quliyeva huşsuz vəziyyətdə tapılıb. Yuxarı Aran kənd sakini olan gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu döyülərək öldürüldüyü ehtimal edilir.