“Beynəlxalq təzyiq yoxdur, Azərbaycan gedə bildiyi qədər irəli gedəcək” –Almaniyalı ekspert Qarabağ döyüşlərini təhlil etdi

“Qarabağda döyüşlərin nə qədər davam edəcəyini demək çətindir. Amma ən azı həftələr çəkə bilər”.

Azpost.info bildirir ki, bu sözləri Almaniyanın Henrix Böll Fondunun Qafqaz ofisinin direktoru Stefan Meister “BBC News”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyənin münaqişədə iştirakı onu deməyə əsas verir ki, döyüşlər bu dəfə həmişəki kimi bir neçə gün çəkməyəcək: “Bilmirəm, bu müharibə nə qədər davam edəcək. Demək çətindir. Amma deyə bilərəm ki, bu, toqquşmanın yeni mərhələsidir. Əsas təsir gücünə malik Rusiya döyüşən tərəfləri atəşkəsə çağırsa da, biz hazırda müharibənin böyük miqyasını müşahidə edirik, çoxlu qurbanlar var. Hesab edirəm ki, döyüşlərin dayandırılması da asan deyil,” – Stefan Meister bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə hərbi əməliyyatların dayanacağını gözləmir və bunun üçün kifayət qədər beynəlxalq təzyiq də görmür.

Cənab Meisterin fikrincə, tərəflər və maraqlı güclər bu dəfəki müharibənin Qarabağın hüdudlarından kənara yayıla biləcəyini anlamırlar: “Mən hesab edirəm ki, bütün regionda ABŞ-ın iştirakı zəifləyib. Həmçinin də Türkiyəyə təsiri zəifləyib. Eləcə də Fransanın Minsk qrupunun həmsədri kimi konfliktdə iştirakı zəifləyib. Hesab edirəm ki, regionda maraqlar məhduddur. Avropa Birliyi tərəfdən də maraq azalıb. Başqa konfliktlər də davam edir: Belarus, Suriya, Liviya, Avropa Birliyində və ABŞ-da başqa problemlər bura marağı azaldıb. Bunlar əsas səbəblərdən biridir,”- Stefan Meister deyib.

Cənab Meister hesab edir ki, beynəlxalq oyunçuların başı daxili problemlərə qarışıb və burdakı məsələlər onları o qədər də maraqlandırmır.

Şərhçi bildirib ki, Avropa Birliyi də bir neçə münaqişənin həllində eyni anda iştirak edə bilmir və bütün bunlar döyüşlərin vaxtını uzadır.

“Minsk formatı [ATƏT] Azərbaycan tərəfdən legitimliyini itirib. İlham Əliyev bir neçə dəfə bunu vurğulayıb. Ola bilsin, Rusiya da gözləyir ki, yeni vəziyyət yaransın, sonra müdaxilə etsin,”- Qafqazdakı münaqişələr üzrə şərhçi bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda müharibədə qalib olduğu təəssüratı var: “Əgər xarici qüvvələr tərəfindən dayandırılmasa, Azərbaycan gedə bildiyi qədər uzağa gedəcək və buna görə də bu döyüşlər həftələr çəkə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Erməni atəşi nəticəsində Ağdamda daha bir mülki şəxs həlak olub

Sonrakı məqalə

Ermənistanın Bakı-Ceyhan kəmərini atəşə tutması ilə bağlı cinayət işi başlanıb