“Biz vəziyyətin belə olacağını gözləmirdik”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O, yol verilən bu səhvlərin bundan sonra çox qısa müddətdə düzələcəyinə əminliyini ifadə edib: “Düşünürük ki, bu həftə sonu qəbul ediləcək qərardan sonra əks epidemik nəticələr əldə olunacaq. Qarşıdakı həftələrdə, həftə içi də bu qaydalara əməl etsək, bizi daha ciddi və daha sərt addımlar gözləməz”.
Ramin Bayramlı deyib ki, “heç bir ölkədə xəstə sayının çoxluğuna səhiyyə sistemi davam gətirə bilməz”.
O bildirib ki, Azərbaycanda yetərincə mütəxəssislər hazırlanıb.
“Ancaq xüsusən Bakıdakı xəstə sayında sıxlığa görə həftə sonunda küçəyə çıxmaq qadağasını zəruri edir. Biz yenə Prezidentin dediyi kimi “Biz brlikdə güclüyük” devizi ilə hərəkət etməliyik. Biz bu məsələyə ölkəmizin milli təhlükəsizliyi qədər ciddi yanaşsaq, hər şey qaydasına düşəcək. Açığı, vəziyyətin belə olacağını gözləmirdik. İnanırıq ki, sabahkı qərardan sonra müəyyən epidemik göstərişlər əldə olunacaq. Biz xüsusən həftə sonundan sonra, bazar ertəsindən başlayaraq, bütün qaydalara riayət etsək, maska taxsaq və sosial məsafəni qorusaq, daha sərt addımlar atmağa ehtiyac qalmaz. Xəstələrin sayının azalması tək həftəsonu qadağalarla təmin olunmayacaq, həftə ərzində də qaydalara tam riayət edilməlidir, maskadan istifadə edilməli, sosial məsafə gözlənilməlidir”, – deyə R. Bayramlı vurğulayıb. (APA)