Boliviyada müxalifət lideri Moralesin istefasını və seçkiyə qatılmamasını tələb edib

10 Noyabr 2019 - 19:55

Boliviyada prezident seçkilərində hazırkı Prezident Evo Moralesin əsas rəqibi olmuş sabiq Prezident Karlos Mesa əsas tələblərini açıqlayıb.

“RİA Novosti” agentliyinin məlumata görə, K. Mesa deyib ki, növbəti prezident seçkilərində E. Morales namizəd olmamalıdır. Mesa aksiyaçıları E. Morales istefa verənə qədər aksiyaları davam etdirməyə də çağırıb.

Qeyd edək ki, E. Morales bu gün yeni prezident seçkilərinin keçiriləcəyini bəyan edib.

Xatırladaq ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Onun əsas rəqibi – sabiq Prezident K. Mesa isə Moralesin qələbəsini qəbul etmədiyini bildirib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları və tətillər başlayıb. E. Morales fövqəladə vəziyyət rejimi elan edib və müxalifəti dövlət çevrilişinə cəhddə günahlandırıb.

Noyabrın 8-də Boliviyanın bir neçə şəhərində polislər də etiraz aksiyalarına qoşulub. Baş verən toqquşmalarda və etirazlarda indiyədək 3 nəfərin öldüyü, 380 nəfərin xəsarət aldığı barədə məlumatlar var. (APA)