Braziliyada son sutka ərzində koronavirusa 219 min 878 yeni yoluxma qeydə alınıb.
Braziliyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu, pandemiya başlanandan bəri ən yüksək sutkalıq göstəricidir.
Son sutkada COVID-19-a yoluxma nəticəsində 606 ölüm halı müəyyən edilib ki, bu da 2021-ci il oktyabrın 15-dən bəri (həmin gün ərzində 526 ölüm halı qeydə alınmışdı) ən yüksək göstəricidir.
Məlumdur ki, pandemiya həm də məktəblərin bağlanması ilə nəticələnib. Braziliyada 5-9 yaş arası uşaqlar, xüsusən də əhalinin ən yoxsul təbəqəsindən olanlar pandemiya dövründə məktəblərin bağlanmasından daha çox ziyan çəkirlər. Bu barədə “FGV Social” tədqiqatlar mərkəzinin yeni hesabatında vurğulanır və uzunmüddətli perspektivdə uşaqların tədris proqramından geriləməsinin ciddi fəsadlarından narahatlıq ifadə olunur. Pandemiyadan əvvəlki – 2019-cu ildə 5-9 yaş arası uşaqların dərsdən yayınması 1,41 faiz idisə, 2020-ci ilin sonuncu rübündə bu göstərici artaraq 5,51 faiz təşkil edib.
Pandemiya başlanandan bəri Braziliyada ümumilikdə 24.553.950 nəfər koronavirusa yoluxub, bu xəstəlik nəticəsində ölənlərin sayı 624.507 nəfər təşkil edib. Ölkə əhalisinin 70 faizi tam vaksinlənmə sxemindən keçib.