“Brexit düyünü” çözülmək bilmir

- Brüssel Londona yeni qrafik təqdim edəcək
28 Oktyabr 2019 - 12:45

Brüssel Böyük Britaniyaya 2020-ci il yanvarın 31-nə qədər Avropa İttifaqını tərk etmək üçün vaxt verməyə hazırlaşır. Əgər Brexit üzrə saziş tərəflərin ratifikasiyasından keçsə, bunu noyabrın 30-da və dekabrın 31-də də etmək mümkün olacaq.

Azərtac “The Guardian” qəzetinə istinadla xəbər verir ki, saziş layihəsinin mətni əvvəlcədən Avropa İttifaqına üzv 27 ölkənin nümayəndələrinə göndərilib. Layihə oktyabrın 28-də Brüsseldə üzv ölkələrin daimi nümayəndələrinin müzakirəsinə çıxarılacaq və böyük ehtimalla Parisin razılığından sonra qəbul ediləcək.

Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatası Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib, Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb. Onun yerini Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub. Lakin parlamentin qəbul etdiyi qanun Baş naziri prosesin 2020-ci il yanvarın 31-dək yenidən təxirə salınması xahişi ilə Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktub yazmağa vadar edib.