Bu gün Azərbaycanda bələdiyyə seçkiləridir

Səsvermə başlayıb (YENİLƏNİR)
23 Dekabr 2019 - 01:16

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Səsvermə prosesi saat 08:00-da başlayacaq, 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

**

Bu gün bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Saat 8.00-da səsverməyə start verilib.

Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.

**

Bu gün seçicilər seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edə bilərlər.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri seçiciləri seçkilərdə aktiv olmağa da çağırıb: “Mən seçiciləri seçkilərdə aktiv olmağa çağırıram. İndiyə qədər qeydiyyatla bağlı MSK-ya müraciət daxil olmayıb”. (APA)

**

Son illər seçkilərlə bağlı şikayətlərin sayı  kəskin şəkildə azalıb. Bunun səbəblərindən biri isə bizim apardığımız maarifləndirmə tədbirləridir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, şəffaflıq maksimum səviyyədə təşkil olunub: “Əgər hansısa bu və ya digər xoşagəlməz hallarla bağlı MSK-ya müraciət daxil olarsa, dərhal Seçki Məcəlləsinin tələbinə uyğun olaraq addımlar atılacaq. İndiyə qədər MSK-ya hansısa rəsmi müraciət daxil olmayıb. Ancaq qaynar xətt vasitəsilə müəyyən müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyıb və dərhal həllini tapıb. Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”. (APA)