“Bu hadisələr dönəmində Rusiyanın mövqeyi məsuliyyətli mövqedir” –

İlham Əliyevin "CNN-Türk"ə müsahibəsi (TAM MƏTN)
07 Oktyabr 2020 - 19:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Cənab Prezident İlham Əliyev, “CNN Türk”ə xoş gəldiniz. Azərbaycanın tarixi günlər yaşadığı bir zamanda bu müsahibəni verdiyiniz üçün təşəkkür edirik. Mən vaxt itirmədən dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə qədər torpaq azad olundu?

– Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir.

Bildiyiniz kimi, erməni silahlı qüvvələri keçən ayın 27-də bizə qarşı yeni hücuma keçdilər və bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da ki, böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır.

– Yenə də əməliyyat zonasındakı proseslərə qayıtmaq istəyirəm, cənab Əliyev. Bildiyimiz kimi, Ermənistan ordusu münaqişə xəttinin kənarındakı Azərbaycan şəhərlərini ballistik raketlərlə hədəfə almağa başlayıb. Xüsusilə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki yaşayış məntəqələrini, Mingəçevirdəki elektrik stansiyasını ballistik raketlərlə hədəfə aldı. Sizcə, bunun məqsədi nə idi?

– Məncə, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayəti. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uduzur və bizi dayandırmaq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə əl atır. Siz də qeyd etdiyiniz kimi, Gəncə, Mingəçevir döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərdir. Eyni zamanda, döyüş bölgəsinə yaxın olan şəhərlərimiz hər gün atəşə tutulur. Ən yaxın bölgə Tərtər bölgəsidir və Tərtər şəhərinə gündə mindən iki minə qədər mərmi düşür və bunun əsas məqsədi mülki şəxslərə qarşı törədilən zorakılıqdır. Bu, bir daha Ermənistanın faşist mahiyyətini göstərir, rejimin faşist mahiyyətini göstərir. Ancaq bu, Azərbaycan xalqını qorxutmur, bunun heç bir təsiri yoxdur. O bölgələrdə, o şəhər və kəndlərdə yaşayan soydaşlarımız orada möhkəm dayanıblar. Onların bir sözü var ki, Vətən sağ olsun, torpaqlar tezliklə işğaldan azad edilsin. Onlar sona qədər o yerlərdə qalacaq və ordumuza mənəvi dəstək verəcəklər.

– Ermənistanın mülki yaşayış məntəqələrini atəşə tutmağa davam edəcəyi təqdirdə hazırkı mövqeyinizdə bir dəyişiklik olacaqmı?

– Xeyr, bizim mövqeyimizdə heç bir dəyişiklik olmamalıdır. Bizim mübarizəmiz erməni xalqı ilə deyil. Mən bunu artıq bir neçə dəfə açıqlamışam. Bizim mübarizəmiz haqq mübarizəsidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, bunu edirik və bu işlərdə, bu istiqamətdə uğurlar əldə etmişik. Azərbaycan heç vaxt mülki əhaliyə, yəni, mülki şəxslərə qarşı müharibə etməyib. Mən artıq bu günlərdə də demişəm, bizim erməni xalqı ilə heç bir işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və onlar bizim vətəndaşlarımızdır. O cümlədən bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Hərbi hədəfləri məhv etmək üçün bizim tam hüququmuz var. Çünki bu hərbi obyektlər bizim ordumuza, şəhərlərimizə böyük ziyan vurub. Ona görə bizim borcumuzdur ki, onları məhv edib əhalimizin təhlükəsiz həyatını təmin edək.

– Ermənistanın ballistik raketlərlə mülki yaşayış məntəqələrini atəşə tutması, əslində, müharibə cinayəti, Cenevrə Konvensiyasına zidd bir hərəkətdir. Bu baxımdan müharibə cinayətlərinə dair BMT qarşısında bir təşəbbüs irəli sürməyi düşünürsünüzmü? Hadisə yerlərində bu cinayətlərin törədilməsinə dair sübutlar toplayırsınızmı?

– Təbii ki, toplayırıq. Onların bütün hərbi cinayətləri artıq qeydə alınır. Amma təəssüf ki, beynəlxalq ictimaiyyət bundan əvvəlki dövrdə Azərbaycana və xalqımıza qarşı edilən müharibə cinayətlərinə səssiz qalmışdır. Xocalı qətliamı dünyanın gözü önündə baş vermiş soyqırımıdır. Amma Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyi buna görə məsuliyyətə cəlb edilmədi. Bizim şəhərlərimizin, kəndlərimizin dağıdılması, bir milyondan çox məcburi köçkünün yaranması – bütün bunlara görə beynəlxalq ictimaiyyət hər hansı bir hərəkətə keçmədi. Ona görə də, bu məsələ uzun illərdir öz həllini tapmır. Çünki işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmur. Bu gün də erməni silahlı qüvvələrinin bizim şəhərlərimizi və kəndlərimizi atəşə tutması, özü də ballistik raketlərlə atəşə tutması müharibə cinayətidir. Buna görə, əlbəttə ki, Ermənistan rəhbərliyi məsuliyyət daşımalıdır və daşıyacaqdır.

-Bu günə qədər Sizə bir neçə dəfə atəşkəs çağırışı edildi. Siz bunlara şəxsən cavab verdiniz. Amma münaqişənin 30 illik tarixinə nəzər salarkən bu çağırışların nəticə verəcəyini düşünürsünüzmü?

– Hesab edirəm ki, bu çağırışlar, sadəcə, atəşkəs çağırışları olmamalıdır. Biz dəfələrlə demişik ki, işğalçı dövlətə, Ermənistana sanksiyalar tətbiq edilməli idi. Əgər vaxtında sanksiyalar tətbiq edilsəydi, bəlkə də bu məsələ çoxdan həll olunardı. Ermənistana qarşı çox ciddi təzyiq göstərilməliydi, sözdə deyil, əməldə. Amma təəssüf ki, bu, olmadı. Ona görə bu proses 30 il çəkdi. Otuz il heç bir nəticə verməyən danışıqlar artıq mənasını itirməkdədir. Bundan əlavə, son dönəmdə Ermənistanın hərbi-siyasi rəhbərliyi həm təcavüzkar hərəkətlərlə, eyni zamanda, aqressiv bəyanatlarla danışıqlar prosesini məhv etdi. Yəni, ona çox böyük zərbə vurdu. “Qarabağ Ermənistandır” demək, əslində, müzakirələrə son qoymaq deməkdir. Çünki müzakirələrin əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar tədricən, mərhələli qaydada Azərbaycana qaytarılmalıdır. Bu, əsas prinsiplərdə təsbit olunub. “Qarabağ Ermənistandır” demək faktiki olaraq bu prosesə son qoyur. Buna oxşar digər açıqlamalar olubdur. Sonra iyul ayında Ermənistan Azərbaycana dövlət sərhədi istiqamətində hücum etdi, bir çox hərbçi və bir mülki şəxs həlak oldu. Ona görə atəşkəsin bərpası şərtlərlə təmin edilməlidir. İlk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni, çıxış cədvəli bizə təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu təkliflər cavabsız qalmayacaq.

-Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupundan söz düşmüşkən, düşünürəm Fransanı da ayrıca qeyd etmək lazımdır. Fransanın bu məsələdəki mövqeyi ilə bağlı nə deyə bilərsiniz?

-Mən artıq bu məsələ ilə bağlı bir neçə dəfə açıqlamalar verdim. Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür. Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik. Əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.

-Fransa prezidenti Emmanuel Makronun nə üçün üzr istəməsinin gərəkliyini söylədiniz?

-Siz də bilirsiniz ki, bizə qarşı ittihamlar səsləndi. Rəsmi açıqlamalarda səsləndi ki, sanki Azərbaycanla Türkiyə birlikdə bölgəyə terror qruplarının nümayəndələrini gətirib. Halbuki bunun heç bir sübutu yoxdur. O açıqlamalardan artıq on gün keçir. Bu günə qədər bizə heç bir sübut verilməyib. Bu, bizə qarşı edilən haqsızlıqdır. Bu, yalan məlumat əsasında ifadə edilən açıqlamadır. Bu ya yoxlanılmamış, təsdiqini tapmamış məlumat əsasında deyildi, ya da ki, bu qəsdən deyildi. Bunu mən deyə bilmərəm. Hər halda, hər bir ölkə özünü müdafiə etməlidir. Bizə qarşı edilən haqsızlıq təbii ki, biz tərəfdən cavablandırılır. Biz buna səssiz qala bilmərik. Eyni zamanda, başqa bir açıqlama da olmuşdur ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir”. Bu da beynəlxalq qanunlara tamamilə zidd olan bir açıqlamadır. Çünki Dağlıq Qarabağ bizim torpağımızdır. Bir ölkə öz torpağını necə fəth edə bilər? Bu cür sözlər Minsk qrupunun mandatına tamamilə zidd olan açıqlamalardır. Biz, sadəcə olaraq, istəyirik ki, 30 ilə yaxın öz yurdlarından didərgin salınmış məcburi köçkünlərimiz öz evlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətlidir .

-Qara təbliğatdan söz düşmüşkən, Azərbaycan əks-hücumu başlayandan bəri Azərbaycana qarşı, xüsusilə sosial mediada qara təbliğat aparılır. Bununla bağlı nə deyə bilərsiniz? Əlinizdə buna dair nə kimi faktlar var?

-Bilirsiniz, bizə qarşı qara təbliğat uzun illər ərzində aparılır. Bunun bir neçə səbəbi var. Onlardan biri də odur ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparır. Bizim siyasətimizin mərkəzində Azərbaycan xalqının maraqları dayanır. Biz başqa ölkələrin əlində alət olmamışıq, olmaq da istəmirik və olmayacağıq. Bugünkü Azərbaycanın inkişafı, bütün istiqamətlər üzrə əldə edilmiş inkişaf göstərir ki, Azərbaycan haqq yolundadır. Baxın, bizim beynəlxalq əlaqələrdə böyük uğurlarımız var. Bu gün Azərbaycan dünya miqyasında məsuliyyətli və etibarlı ölkə kimi tanınır. Biz hazırda Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təsisata, Qoşulmama Hərəkatına sədrlik edirik. Biz 120 ölkənin dəstəyi ilə buna nail ola bilmişik. Azərbaycan bu gün Avropa ilə Asiya arasında həm siyasi, həm coğrafi, həm də enerji körpüsüdür. Yəni, bütün bu uğurları, o cümlədən müstəqil siyasət sayəsində əldə etmişik. Bu, bəzi ölkələrin xoşuna gəlmirdi, bəzi ölkələr Azərbaycana yuxarıdan aşağı baxmağa çalışırdılar. Ancaq bizim qətiyyətli mövqeyimiz buna imkan vermədi. Ona görə bizə olan təzyiqlərin səbəblərinin biri də məhz budur ki, müstəqil siyasət aparırıq, öz yolumuzla gedirik, heç kimin sözü ilə oturub-durmuruq, heç kimin qarşısında baş əymirik. Digər səbəblər də var. Bu, çox uzun bir söhbətdir, ayrı müsahibənin mövzusu ola bilər. Bu hadisələr baş verən kimi dərhal bizə qarşı müntəzəm olaraq qara təbliğat aparanlar, qeyri-hökumət təşkilatları və bəzi ölkələrin dairələri, media nümayəndələri hərəkətə keçdilər ki, Azərbaycanın imici ləkələnsin, bizə böhtan atılsın, bizim haqqımızda olmayan yalanlar uydurulsun və beləliklə, informasiya məkanında bu münaqişə ilə bağlı yanlış bir rəy, yanlış bir fikir yaradılsın.

Biz, əlbəttə ki, bizə ünvanlanan bu ittihamlarla təkbaşına mübarizə apararaq müəyyən uğurlar əldə etmişik. Ancaq bizim də imkanlarımız məhduddur. Bir çox hallarda bizim səsimiz eşidilmir. Bizə beynəlxalq platforma verilmir. Beynəlxalq media qurumları daha çox Ermənistanın tərəfini tuturlar və münaqişə ilə bağlı yalan məlumatlar yayırlar. Ona görə, fürsətdən istifadə edərək qardaş Türkiyənin media mənsublarına təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu günlərdə bütün dünyaya bu savaşla bağlı həqiqətləri çatdırır, canlı efirdə məlumatlar verirlər – dağıdılmış şəhərlər, düşən raketlər, Gəncə şəhəri, Mingəçevir şəhəri, Tərtər şəhəri. Yəni, daha çox Türkiyə media qurumları tərəfindən verilən bu məlumatlar dünyada bu münaqişə ilə bağlı daha ədalətli fikrin yaranmasına xidmət göstərir.

-Cənab Əliyev, əməliyyat başlanmazdan bir neçə gün əvvəl ABŞ-da – Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edən liderlərə çağırış etdiniz, dünyaya çağırış etdiniz. Həmin çıxışınızda bəzi terrorçu qrupların Ermənistana göndərildiyini açıqladınız və bu məsələyə diqqəti yönəltdiniz. Xüsusilə də bu məsələyə diqqət yetirilməsini vurğuladınız. Bu açıqlamanızdan üç gün sonra Ermənistan Azərbaycana hücuma başladı. İndi bu məsələ ilə bağlı Azərbaycanın əlində hansı kəşfiyyat məlumatları var?

-Mən o çıxışımda, eyni zamanda, bildirmişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Bizdə olan məlumat onu göstərir və Ermənistan dayandırılmalıdır. O ki qaldı, Ermənistanda terror təşkilatlarının düşərgələrinin mövcudluğuna, bu məlumatlar bizdə əvvəldən də olub.

-Bunlar hansı terror qruplarıdır?

-İlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi. Bizdə olan yeni kəşfiyyat məlumatları, – bunların bir hissəsi artıq mətbuata da açıqlandı, – onların danışıqları, onların təmasları haqqında artıq sənədlər və audioməlumat var. Bu, bizdə heç bir şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir. Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktı törədilmişdir – metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdə terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən, orada yaşayan ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar.

– ATƏT-in Minsk qrupu mövzusuna təkrar qayıtmaq istəyirəm. Onun həmsədrlərindən biri də Rusiyadır. Rusiyadan bölgədə hansı gözləntiləriniz var?

-Rusiya da ATƏT-in Minsk qrupunun həmsədri kimi təbii ki, vasitəçilik missiyasını icra edir. Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu, çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də ki, Minsk qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir.

-Cənab Prezident, İran bu məsələdə hansı mövqedədir?

-İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər. Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir.

-Yaxşı, bəs, bu prosesdə ABŞ Prezidenti Donald Trampla hər hansı təmaslarınız oldumu? Siz ABŞ-ın bu prosesdə olmasının vacibliyini düşünürsünüzmü?

– Amerika da Minsk qrupunun həmsədridir. Digər iki həmsədrlə birlikdə bu işlərdə iştirak edir. Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksəksəviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda, hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam, məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi, bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq.

-İyul ayında Ermənistan Tovuz şəhərinə hücum etdi. İndi bu əməliyyat vaxtı yenə də mülki yaşayış məntəqələrini vurur. Bunu Ermənistanın Azərbaycanı təxribata çəkmək üçün etdiyini bir qədər əvvəl demişdiniz. Təxribata çəkməkdən başqa, bu məntəqələrin, xüsusilə də Tovuz şəhərinin, Mingəçevirdəki elektrik stansiyasının hədəfə alınması, bu kimi hədəflərin vurulması, əslində, regiondakı enerji təhlükəsizliyini də təhlükə altına alırmı? Bu, enerji xətlərinin hədəfə alınması anlamına gəlirmi? Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, TANAP layihəsini nəzərdə tuturam. Bunlarla bağlı nə deyə bilirsiniz?

-Təbii, bu da Ermənistanın hədəflərindən biridir. Bunu onlar gizlətmirdilər və eyni zamanda, bu hadisələrə qədər Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamalarda göstərilmişdir ki, onlar bizim strateji enerji infrastrukturumuzu vurmaq fikrindədirlər. Boru xətlərini, eyni zamanda, Səngəçal neft-qaz terminalını, hansı ki, dünya miqyasında ən böyük neft-qaz terminallarından biridir. Əslində, Tovuz hadisələrinin səbəblərindən biri də məhz bu idi – yeni Azərbaycan torpaqlarını işğal etmək, ondan sonra müzakirə masasında öz mövqelərini gücləndirmək, eyni zamanda, bizim strateji enerji xətlərimizə ya yaxınlaşmaq, ya da ki, onları nəzarət altına almaq və ondan sonra bizə diktə etmək. Bu, erməni dövlətinin planlarında hər zaman olan bir məsələdir. Onlar bunu gizlətmirlər. Mingəçevir elektrik stansiyasının vurulması da bu planın bir tərkib hissəsidir. Çünki Mingəçevir stansiyası nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın ən böyük stansiyasıdır. Baxmayaraq ki, biz son illər ərzində bir çox stansiyalar inşa etmişik, bu gün Mingəçevir bizim ən böyük stansiyamızdır və ölkəmizin böyük hissəsinin elektrik enerjisini o, təmin edir. Əgər o sıradan çıxsaydı, təbii ki, enerji məsələlərində müəyyən problemlər yarana bilərdi. Bu gün Azərbaycan həm xam neft, həm təbii qaz, həm də elektrik enerjisi ixrac edir. Yəni, bizdə istehsal olunan elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Bu, bizim iqtisadi potensialımıza hesablanan bir addım idi və bir daha Ermənistanın, Ermənistan rejiminin cinayətkar mahiyyətini bütün dünyaya göstərir.

-Cənab Əliyev, Dağlıq Qarabağda nə qədər Azərbaycan əhalisi yaşayır?

-Dağlıq Qarabağda bu gün bir dənə də azərbaycanlı yoxdur, hamısı qovuldu. Həm Dağlıq Qarabağ ərazisindən, həm də ki, Dağlıq Qarabağın, – Dağlıq Qarabağ bir muxtar vilayət idi sovetlər dönəmində, – ətrafındakı 7 rayondan da bütün azərbaycanlı əhali qovuldu. Sovetlər dönəmində, 1980-ci illərin sonunda Dağlıq Qarabağın əhalisinin yüzdə 25-i azərbaycanlılar idi. Şuşa şəhərinin əhalisinin 98 faizi azərbaycanlılardan ibarət idi. Şuşa bizim qədim tarixi şəhərimizdir. Birinci mərhələdə bütün azərbaycanlılar Şuşadan, sonra Xankəndidən, digər şəhər və kəndlərdən, daha sonra Dağlıq Qarabağın ətrafında olan yeddi bölgədən qovuldu. Bu gün Dağlıq Qarabağda və işğal altındakı ətraf bölgələrdə Azərbaycan əhalisi yoxdur. Biz indi qayıdacağıq. Biz dörd il bundan əvvəl artıq qayıdışa başlamışıq. Ancaq indiki toqquşmalar başa çatandan sonra biz əlbəttə ki, o bölgələrə qayıdacağıq.

-Azərbaycanlılar işğal altındakı Qarabağ torpaqlarından qovuldu dediniz. Amma hazırda Azərbaycanın digər torpaqlarında da çoxlu sayda erməni əhali yaşayır. Bununla bağlı nə söyləyərdiniz?

– Bu da təbiidir. Çünki Azərbaycanda bir çox millətlər yaşayır, bir ailə kimi yaşayır və Azərbaycan dünya miqyasında multikultural ölkə kimi tanınır. Bunu həm Birləşmiş Millətlər Təşkilatı, eyni zamanda, humanitar sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qeyd edirlər. Azərbaycan tolerantlıq, milli, dini dözümlülük məkanıdır. O cümlədən bizdə bu gün minlərlə erməni yaşayır, onlar bizim vətəndaşlarımızdır. Onlar da başqa millətlər kimi normal yaşayırlar. Əlbəttə, bu müharibə, münaqişə başa çatandan sonra mən əminəm ki, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də bizimlə bərabər yaşayacaqlar. Azərbaycan çoxmillətli ölkədir, tarixən belə olub. Hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür.

Amma Ermənistanda heç bir başqa millət yaşamır. Ermənistan dünya miqyasında çox nadir ölkələrdəndir ki, orada əhalinin yüzdə doxsan doqquzu ermənilərdir. Bütün digər millətlər oradan qovuldu. İlk növbədə, azərbaycanlılar qovuldu, ondan sonra digər millətlər qovuldu. Ermənistan monodövlətdir və bu, bir daha onu göstərir ki, irqçi dövlətdir. Heç bir başqa millətin nümayəndəsi orada yaşaya bilmir. Ya o əziyyətə dözməyərək özü oradan çıxır, ya da ki, zor gücü ilə çıxarılır.

-Cənab Prezident, bir neçə sualım qaldı, icazənizlə, onları da söyləyim. Bir daha əməliyyat zonası ilə bağlı mövzuya qayıdası olsaq, xüsusən pilotsuz uçuş aparatlarının və silahlı pilotsuz uçuş aparatlarının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi necə bir fərq yaratdı?

– Çox böyük fərq yaratdı. Türkiyə istehsalı olan silahlı pilotsuz uçuş aparatları çox müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növüdür və dünyada cəmi bir neçə ölkə var ki, belə imkanlara malikdir. Bu da Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir.

-Hava hücumundan müdafiə sistemlərindən söz düşmüşkən, Ermənistan tərəfində xüsusən Rusiyadan alınan müasir hava hücumundan müdafiə sistemləri var – S-300-lər kimi. Həmçinin Azərbaycan Ordusunda da müdafiə sistemləri var, ancaq bu silahlar yoxdur. Sizcə bu, ikili standart yaradırmı?

– Xeyr, bizdə S-300 hava hücumuna qarşı qurğular var, biz onları Rusiyadan almışıq. Rusiyadan bir çox silahlar almışıq. Burada heç bir məhdudiyyət yoxdur. Ona görə ikili standartlardan danışa bilmərəm. Yalnız bir fərq ondadır ki, biz bunu pulla alırıq və bu da çox bahalı sistemlərdir. Ermənistan isə bir çox hallarda pulsuz alır. Yəni, hədiyyə kimi, ya da ki, kredit şəklində alır. Amma o kredit kağız üzərində qalır, qaytarılmır. Təbii ki, bu bahalı silahlar Ermənistana pulsuz verilməsəydi, Ermənistanın buna sahib olması müzakirə mövzusu ola bilməzdi və bu münaqişə çoxdan çözülərdi. Çünki Ermənistanın silahlanması və pulsuz silahlanması onlarda bir əminlik yaratdı ki, bu torpaqları işğal altında əbədi saxlaya bilərlər. Yəni, fərq bundadır. Ancaq bizim imkanımız var ki, Rusiyadan silahlar alaq. Biz başqa ölkələrdən də silahlar alırıq. Bu məsələ ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Bəzi ölkələr var ki, onlar bizə embarqo qoyublar, ancaq bu, bizə o qədər də böyük problem yaratmır. Çünki indi silah bazarı daha çox şaxələnmiş bazardır, coğrafiyası da genişlənir. Mən bu yaxınlarda demişəm, bu gün Türkiyənin müdafiə sənayesi o qədər sürətlə inkişaf edir ki, ümid edirəm, gələcəkdə bizim Türkiyə silahları ilə təchizatımız daha da yüksək səviyyəyə qalxacaqdır.

-Bizim burada diqqətimizi çəkən bir məsələyə toxunmaq istəyirəm. Hara getsək – Bakıda və ya münaqişə bölgəsindəki şəhərlərdə, Tərtərdə, hər yerdə Azərbaycan bayraqlarının yanında Türkiyə bayraqlarını da görürük. Bununla bağlı nə söyləmək istərdiniz.

– Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda, bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir.

-Son sualımı ünvanlayacam, cənab Prezident. Hazırda qarşınızda mənim yerimə Ermənistanın baş naziri Paşinyan olsaydı, ona nə söyləyərdiniz?

– Əslində, mənim ona sözüm yoxdur. Çünki mən onunla dəfələrlə görüşmüşdüm. İki il bundan əvvəl o, hakimiyyətə gələndən sonra bizim ilk təmaslarımızda hesab edirəm ki, aramızda çox yaxşı söhbət olmuşdu. Mənim də ümidlərim var idi ki, o, yeni baş nazir kimi Ermənistanın işğalçılıq siyasətinə düzəlişlər, dəyişikliklər edəcək, anlayacaqdır ki, bu münaqişə həll olunmasa bölgəyə sülh gəlməyəcək, çevriliş zamanı hakimiyyətə gəlmiş, böyük vədlər vermiş bir insan kimi o vədləri tuta bilməyəcək, yerinə yetirə bilməyəcək. Çünki əgər Azərbaycan ilə Ermənistanın əlaqələri normallaşmasa, Ermənistanın iqtisadi inkişafından danışmağa dəyməz. Ümid edirdim ki, o, bunu anlayır və Ermənistandan gələn ilk mesajlar çox müsbət idi. Biz də təmkin göstərdik, onların xahişini nəzərə alaraq atəşkəs rejimini möhkəmləndirdik və demək olar ki, son iki il ərzində atəşkəs rejimi möhkəm saxlanılan rejim idi. Bunu Minsk qrupunun həmsədrləri də öz açıqlamalarında qeyd etmişlər. Ancaq sonra nəyi gördük? Onu gördük ki, o, bizi aldatdı. Amma hesab edirəm ki, siyasətdə bu, çox yanlış bir yoldur. Aldatmaq olmaz. Bizim sözümüz imzamız qədər keçərlidir. Ancaq bizə verilən sözlər yalan çıxdı və onun tərəfindən “Qarabağ Ermənistandır və nöqtə” deməsi müzakirələrə faktiki olaraq son qoydu. Ondan sonra digər təxribatçı açıqlamalar, o cümlədən Azərbaycan Dağlıq Qarabağla, yəni qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır kimi bəyanatlar verildi. Bu da danışıqlar formatına vurulan zərbə idi. Təkcə biz yox, Minsk qrupu da bunun əleyhinə çıxmışdır. Sonra iyul ayında Tovuzda hərbi təxribat törətdilər, avqustda təxribat qrupunu göndərdilər və keçən ay artıq genişmiqyaslı hücum həyata keçirdilər. Ona görə mən ona bütün sözlərimi demişdim. Mənim sözüm erməni xalqınadır ki, onlar öz hökumətini məsuliyyətə cəlb etsinlər, onlardan atəşin dayandırılmasını, işğala son qoyulmasını tələb etsinlər, öz övladlarını, öz uşaqlarını müharibəyə göndərməsinlər, Azərbaycana göndərməsinlər. Çünki bu gün qondarma “Dağlıq Qarabağ respublikasının ordusu”nun 90 faizini Ermənistan vətəndaşları təşkil edir. Yəni, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. Nə üçün Ermənistanda doğulmuş bir insan gəlib Azərbaycan torpaqlarında bizə qarşı vuruşmalıdır? Ona görə mənim sözüm erməni xalqınadır ki, bu gün Azərbaycanda ermənilər rahat yaşayır, bundan sonra da yaşayacaqlar. Onların normal yaşaması üçün Azərbaycan dövləti hər şeyi edir. Ermənistan rəhbərliyinə bir sözüm var ki, siz işğal edilmiş torpaqlardan nə qədər tez çıxsanız, sizin üçün o qədər də yaxşı olacaq.

-Cənab Prezident, bu tarixi günlərdə, döyüşlərin davam etdiyi bir vaxtda çox önəmli açıqlamalar verdiniz. Müsahibə üçün bir daha CNN Türk televiziyası adından çox təşəkkür edirəm.

-Mən də sizə təşəkkür edirəm, CNN Türk televiziyası demək olar ki, hər gün gözəl reportajlar yayımlayır. Studiyalarda canlı müzakirələr təşkil edilir, bu müzakirələrə önəmli insanlar qatılır. Azərbaycana göstərilən birmənalı dəstəyə görə kanalınıza təşəkkürümü bildirirəm. Türkiyənin bütün media toplumuna təşəkkürümü bildirirəm ki, onlar bu ağır günlərdə bizimlə bir yerdədirlər.

-Çox sağ olun, bir daha təşəkkür edirəm.

– Sağ olun, təşəkkür edirəm.