Bulvarda Yeni illə bağlı hazırlıq tədbirlərinə start verilib

27 Noyabr 2019 - 14:12

Dənizkənarı Milli Park ərazisində qış mövsümünə hazırlıq işlərinə başlanılıb.

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə ağaclarda və kollarda budama işləri aparılır:

“Yaşıllıqlara və ağaclara gübrələr verilir. Soyuğa davamsız nadir ağacların üzəri xüsusi formada bağlanılır. Kaktus bağçasının üzəri bağlanılır. Ərazidə çalışan əməkdaşlar qış mövsümünə uyğun uniformalarla təmin olunur. Texnika saz vəziyyətə gətirilib. Müvafiq təmir-bərpa işləri aparılır. Qış fəsli üçün səciyyəvi olan mövsümi çiçəklərin yerləri hazırlanır. Qışda həmin çiçəklərin əkilməsi nəzərdə tutulur. Bulvar ərazisində quşların daldalanması üçün yeni yuvalar asılır”.