“Cəfər Cabbarlı” stansiyasının yenidən qurulmasının növbəti mərhələsinə başlanıb

“Cəfər Cabbarlı” stansiyasının daha bir yolunun infrastrukturu yenilənir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin Yol Xidmətinin baş mühəndisi Tural Məmmədov deyib.

O bildirib ki, Bakı metrosunda istismar olunan tunelda ilk dəfə dəmir-beton bloklar tətbiq edilir: “”Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidən qurulmasının növbəti mərhələsinə başlanıb. Görüləcək işlər çərçivəsində stansiyanın birinci yolunun 155 metr hissəsində ağac şpallar sökülərək dəmir-beton bloklar üzərində yeni yol infrastrukturu qurulacaq. Stansiya yolundan əvvəl metropoliteninin tarixində istismar olunan tunel yolunda ilk dəfə dəmir-beton bloklar quraşdırılıb. Avqustda başlanmış yenidənqurma tədbirləri artıq yolun yeni üst quruluş elementlərinin quraşdırılması ilə davam edir. Buna qədər “Xətai” stansiyası istiqamətində tunelin 481 m hissəsinin təmas relsi, yol relsi və ağac şpalları sökülərək beton özülü dağıdılmışdı. Yeni yol yatağı normativlərə uyğun betonlandıqdan sonra müvafiq konstruksiya
qurulmaqla yola dəmir-beton bloklar düzülüb və betonlanıb”.

Onun sözlərinə görə, betonun texnoloji proseslər uyğun quruyub möhkəmlənməsi gözlənilərək, yola düzülmüş relslər termik üsulu ilə qaynaq edilib: “Sonra burada yolun digər üstquruluş elementləri qurulacaq. Yenidənqurma işlərinin stansiya yolu ilə davam etdirilməsinə gödək spalların və relslərin sökülməsi ilə başlanılıb. İlkin hazırlıq tədbirləri yekunlaşdırıldıqdan sonra betondağıdan mexanizmlər təmir meydançasına gətirilib. Yaxın günlərdə sərt beton özül tam dağıdılaraq, yeni yol infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətiriləcək”.

Rəis qeyd edib ki, ilk dəfə “Nərimanov” elektrik deposunun qatarların sınaq yolunda tətbiq edilmiş dəmir beton bloklar “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda da tətbiq edilib: “Ölkə xaricindən gətirilən ağac şpallardan fərqli olaraq, dəmir-beton bloklar metropolitenin özünün istehsalat sahəsində Almaniya texnologiyaları əsasında qurulmuş sexda hazırlanır. Buna görə texniki qulluğa ehtiyacı yoxdur, uzunömürlülüyü 50 ildən az deyil. Müqayisə üçün qeyd edək ki, ağac şpallar 15-20 il istismar olunursa, “Cəfər Cabbarlı-Xətai” mənzili kimi mürəkkəb hidrogeoloji şəraitdə onların ömrü iki dəfə azdır. Yeni yol infrastrukturu müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində qurulur. Yenidənqurma tədbirləri müasir üstquruluş elementlərinin, o cümlədən “Vossloh UTS-300″ rels bəndləyiciləri, hərəkət və təmas relslərinin qoyulması ilə davam etdiriləcək. Yeni yol quruculuğunun 3 ay ərzində tamamlanması və platforma səviyyəsində mərhələli əsaslı təmir işləri ilə davam etdirilməsi nəzərdə tutulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Bayden Rusiyanın gələn ay Ukraynanı işğal edə biləcəyinə dair Zelenskini xəbərdar edib